Bu gün Xalq Şairi Hüseyn Arifin anım günüdürbackend

Bu gün Dövlət mükafatı laureatı, Xalq şairi, XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin vəfatından 30 il ötür.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hüseyn Hüseynzadə (Arif) 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ̆ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şairlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəminində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, Xalq Yazıçısı İsmayıl Şıxlı bu əhvalatları sevə-sevə qələmə almışdı. Bütün bu baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələyib, əksinə, onu xalqa daha da yaxınlaşdırıb, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırıb.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlu Arifin yanında dəfn olunub.

Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm…” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.

Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

Ruhu şad olsun!