“Bütün proseslər Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmış şəkildə aparılacaq” – Deputatbackend

Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan tərəfindən sərhəd-keçid məntəqəsinin qurulması və dövlətimizin sərhəddə nəzarəti tam bərpa etməsi millətimizin və dövlətimizin Zəfər salnaməsinin məntiqi davamı, üzərimizə yürüyən sərin qarşısına qoyulan milli iradəmizin polad nida işarəsidir. Bu, Azərbaycan dövlətinin, Cənab Prezidentin sarsılmaz iradəsinin təntənəsidir. Bu, tarixi və strateji əhəmiyyətli qərardır, eyni zamanda, ölkəmizin suveren hüququdur. Çünki Laçın dəhlizi Ermənistandan Azərbaycana keçirilən yük və insanlar baxımından nəzarətsiz qalmışdı və ermənilər gizli şəkildə Azərbaycanda müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə silah və digər mallar daşıyırdı. Artıq Azərbaycan ordusu və sərhəd xidməti tərəfindən Laçın dəhlizinə nəzarət edilir və sərhəddən qeyri-qanunu daşınmaların aparılması mümkün olmayacaq.

Bu barədə “Yeni Gündəmə”-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkli qeyd edib ki, Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycana gələn bütün yüklərin və şəxslərin, o cümlədən ermənilərin keçməsini artıq nəzarət altında saxlayacaq. Düşünürəm ki, bütün proseslər, ilk növbədə, Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmış şəkildə aparılacaq. Əsas odur ki, biz artıq gizli yollardan Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin ötürülməsinin önünü kəsəcəyik. Bu proses Azərbaycanın suveren hüququdur. Burada Azərbaycan beynəlxalq tələblərə zidd olan heç bir addım atmayıb və heç kimi bizə irad bildirə bilməz. Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. Bəzi öləkələr bunu üçtərəfli bəyanatın maddələrinin pozulması kimi dəyərləndirir. Ancaq əslində həmin bəyanatın maddələrini pozan Ermənistandır. Çünki bəyanatda erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, bölgədə kommunikasiyaların açılması və 30 ildir ki, ağır blokadada yaşayan Naxçıvanla quru sərhədlərinin təmin edilməsi və digər məsələlər öz əksini tapıb. Ancaq İrəvan bunların heç birini yerinə yetirməyib. Azərbaycan isə bəyanatın müddəlarına sadiq qalaraq bölgədə sülh və əməkdaşlıq üçün dayandamn təşəbbüslərini davam etdirir. Hazırda yeni qurulmuş sərhəd məntəqəsi də xoşməramlı və bölgədə yaşayan insanların təhlükəsizliyinə xidmət edir, Azərbaycan Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verməklə, onların hər birinin geniş təminatlarına yönəlik səylərini davam etdirməyə çalışır”.

A.Hüseynov bildirib ki, Qarabağ iqtisadi zonasının Azərbaycanın müvafiq qurumlarının nəzarəti altına keçməsinin başlanğıc addım kimi qiymətləndirlə bilər. Bundan sonrakı prosesdə Azərbaycan bölgədə sülh və təhlükəsizlik üçün digər zəruri addımları da atacaq, o cümlədən bölgədə iqtisadi fəaliyyətini təmin etmək üçün tədbirlər görəcək. Bundan sonra ekofəalların orada qalmasına zərurət yaranmayacaq.

Fərahim Rəhimov