“Din araşdırmaları” jurnalı fəlsəfə üzrə elmi Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən fəlsəfə üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.
“Yeni Gündəm” in məlumatına görə,Baş redaktoru İnstitutun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan “Din araşdırmaları” jurnalının dərc edilməsində məqsəd ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış mütəxəssislərdir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir. Akademik nəşrlərin ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biri olduğunu nəzərə alaraq, Aİİ gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsini nəzərdə tutur.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. İldə iki dəfə nəşr olunan “Din araşdırmaları” jurnalında bir çox alimin dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq etdiyi sanballı məqalələri çap olunur.