Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) Elmi şuranın illik hesabat iclası keçirilib.
İnstitutdan “Yeni Gundem”-e bildirilib ki, hesabatı ETİ-nin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli təqdim edib. O məlumat verib ki, institutda cari ildə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllində rolu və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb. İnstitutda elm tarixinin müxtəlif profillərində tədqiqatlar aparılıb, 7 kitab nəşr edilib, üç kitab isə çapa verilib. İnstitutun əməkdaşları tərəfindən il ərzində ümumilikdə 40-dan çox məqalə dərc olunub, bunlardan 9-u beynəlxalq indeksli jurnallarda yer alıb.
Məryəm Seyidbəyli bildirib ki, institut 2019-cu ildə də beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət ayırıb. Polşa Elmlər Akademiyasının (PEA) Elm Tarixi İnstitutu ilə bağlanan anlaşma memorandumu, Çin Elmlər Akademiyasının Təbiət Elmləri Tarixi İnstitutu ilə birgə “İpək yolu sivilizasiyası və elmi-texniki mübadilə” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi bu qəbildəndir. İl ərzində institutun əməkdaşları Rusiya, Türkiyə və Qırğızıstanda keçirilən bir sıra beynəlxalq elmi konfranslarda, simpoziumlarda, həmçinin respublika əhəmiyyətli seminarlarda məruzələrlə çıxış ediblər.
İnstitutun Elmi şurasının üzvü AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor Könül Bünyadzadə və digərləri çıxış edərək hesabata münasibət bildiriblər.
Elm Tarixi İnstitutunun elmi tədqiqat predmeti, problematika və metodologiyası və digər nəzəri məsələlərlə bağlı müəyyən təkliflər səsləndirilib.
Müzakirələrdən sonra səs çoxluğu ilə institutun 2019-cu il üzrə fəaliyyəti uğurlu hesab olunub.