Ermənistan müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdübackend

Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakov ilə görüşüb. Trend xəbər verir ki, görüş zamanı tərəflər Ermənistanla Azərbaycanın dövlət sərhədində və Qarabağda sülhməramlıların məsuliyyət zonasındakı vəziyyəti, habelə Rusiya sülhməramlı missiyasının effektivliyinin artırılması məsələsini müzakirə ediblər.

Görüşdə həmçinin üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

Xatırladaq ki, sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.