Əziz Ələkbərli: Bunu çayların minalanması da hesab etmək olarbackend

Ermənistan Azərbaycana qarşı bütün dövrlərdə və bütün mümkün sahələrdə düşmənçilik siyasəti yeridib.

Bura Azərbaycan insanını fiziki cəhətdən məhv etməkdən tutmuş, hökmləri çatan ərazilərdə azərbaycanlıların izini yer üzündən silməyə qədər daxildir. O cümlədən abidələrimiz məhv edilib, toponimlərimiz dəyişdirilib, çaylarımızın qarşısı kəsilib, sularımız zəhərləndirilib və s. Məsələn, 1970-ci ildə Göyçə gölünü su ilə təmin etmək bəhanəsi ilə Arpa çayından Göyçə gölünə iri bir tunel çəkildi və bununla da Dərələyəzin bir çox azərbaycanlı kəndləri və Naxçıvanın Şərur rayonu böyük bir su mənbəyindən məhrum edildi.

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Ermənistandakı çayların əksəriyyəti Araz hövzəsinə daxil olduğu üçün ermənilər qəsdən bu çayların mənsəbinə yaxın yerlərdə sulara zəhərli maddələr buraxır, bununla da Azərbaycana qarşı ekoloji terror törədirdilər. Sovet dövründə bunun qarşısı qismən alınsa da, son 30 ildə ermənilərin bu fəaliyyəti artıq bütün sərhədləri aşdı, ermənilər öz cinayətkar, faşist xislətlərini bütün eybəcərliyi, murdarlığı ilə ortaya qoydular. Əslində, bunu çayların minalanması da hesab etmək olar. Təsəvvür edin,  Arazın sol qolu olub,Qərbi Zəngəzurun Qafan rayonu və Şərqi Zəngəzurun Zəngilan rayonu ərazisindən keçən, uzunluğu 85 km olan Oxçu çayının üzərində yerləşən Qafan dağ-mədən və emal zavodunun və Zəngəzur mis-molibden kombinatının bütün zəhərli maddələri, çirkab suları bu çay vasitəsilə Ermənistan tərəfindən Zəngilan ərazisinə, oradan da Araza və Araz vasitəsilə də bütün Azərbaycana axıdılır.

Bütün sahələrdə olduğu kimi, bu sahədə də ermənilər öz cinayətkar əməllərini onlara havadarlıq edən Qərb ölkələrinin və şirkətlərinin əli ilə həyata keçirirlər. Məsələn, regiondakı ekoloji problemin yaranmasında Almaniyanın Karlsruhe şəhərində yerləşən “Cronimet“ şirkətlər qrupu bilavasitə iştirak edib və bu cinayətə görə birbaşa məsuliyyət daşıyır. Almaniya tərəfin bu məsələni ört-basdır etməyə çalışması, təbii ki, qəbuledilən deyil və Azərbaycan-Almaniya münasibətlərinə ciddi ziyan vura bilər. Ümumiyyətlə, Qərb dövlətləri birdəfəlik bilməlidirlər ki, artıq regionda güclü bir Azərbaycan dövləti var və bundan sonra Azərbaycana qarşı düşmən mövqedə duran və ya durmaqda davam edən dövlətlər özlərinin Cənubi Qafqazda qalıb-qalmamaq, bu regiondakı beynəlxalq layihələrin iştirakçısı olub-olmamaq məsələlərini masa üzərinə yatırtmış olacaqlar.