İcra başçısından şəhid ailəsinə hörmətsizlikbackend

Bakının Suraxanı rayon icra başçısı Əziz Əzizov üçün qanunsuz əməllərini həyata keçirərkən heç bir mənəvi hədd qalmayıb. Onun gözü o dərəcədə dönüb ki, şəhid ailəsinin belə üstünə hücum çəkir.

Azərbaycanda şəhid ailələri dövlətin, xalqın başının tacıdır. Prezident onlara xüsusi qayğı və diqqətlə yanaşır. Şəhid ailələlərinin başına dolanmaq, onların qayğılarını, ehtiyaclarını qarşılamaq dövlətin, məmurların borcudur. Lakin icra başçısı Əziz Əzizov həddini aşaraq Prezidentə, iqtidara, dövlətə qarşı təxribata yol verib.
Belə ki, Vətən müharibəsinin şəhidinin ailəsini həbs etdirib. “Yeni Gundem” gununsesi.info-ya istinadla məlumat verir ki, şəhid Əhməd Kərimovun atası Vaqif Kərimov və anası Həsrət Rüstəmli polisə aparılıb. Şəhid ailəsi dolanışığını təmin etmək üçün Yeni Günəşlininin 5-ci massiv, 21-ci binasının qarşısında köşk qoyaraq ticarətlə məşğul olurmuş. Lakin icra başçısının göstərişi əsasında şəhidin valideynləri polis şöbəsinə aparılıb və orada saxlanılıb. Bu müddətdə isə həmin köşk sökülüb, ərazi İH rəhbərinin göstərişi ilə 150 min manata satılıb. Bu da tamamilə özbaşınalığın zirvəsidir. Əslində bununla əlaqədar araşdırma başlamalıdır və icra başçısı məsuliyyətə cəlb olunmalıdır.
Qeyd edək ki, şəhid Əhməd Kərimov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Maraqlıdır, Əziz Əzizov nədən başqalarına çox rahatlıqla tikintiyə icazə verə bilir, şəhid ailəsinə yox? Onu da xatırladaq ki, bu ayın əvvəlində Yeni Suraxanı qəsəbə bələdiyyəsinin sədri Fikrət Quliyev həbs edilib. O, külli miqdarda rüşvət almaqda təqsirləndirilir.