Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, AMEA akad.
Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, dosent Məmmədəli Babaşlı Rusiya Federasiyası Tatarıstan Respublikasında fəaliyyət göstərən Bolqar İslam Akademiyasının dəvəti ilə təşkil olunmuş “dəyirmi masa”da iştirak edib. Bolqar İslam Akademiyası Dinlərarası Dialoq Mərkəzinin təşəbbüsü ilə keçirilən “dəyirmi masa”da Tatarıstan, Başqırdstan, Dağıstan Respublikaları, həmçinin Azərbaycandan dəvət olunmuş ekspertlərin iştirakı ilə “Ali dini təhsilin inkişafında dinlərarası dialoqun rolu” mövzusunda geniş fikir mübadiləsi aparılıb.
Bolqar İslam Akademiyası rektorunun bilavasitə rəhbərliyi ilə keçirilən müzakirələrdə müasir dövrdə dinlərarası dialoqun aktuallığı və ali dini təhsilin qarşısında duran vəzifələr nəzərdən keçirilib. Aparılan müzakirələrdə bu sahədə mövcud vəziyyət ətraflı şəkildə təhlil olunub, məsələnin nəzəri-metodoloji əsaslarının müəyyən edilməsi, praktiki tövsiyə və təkliflərin verilməsinin vacibliyi vurğulanıb. Rusiya Federasiyasında mövcud dini müxtəliflik nəzərə alınaraq səmavi dinlərlə bərabər, buddizm nümayəndələrinin də layihədə iştirakı məqsədəuyğun hesab olunub. Federal layihənin ilkin variantının hazırlanması məqsədilə ekspertlər qarşısında konkret vəzifələr qoyulub və mərhələli şəkildə növbəti görüşlərin keçirilməsi qərara alınıb.
Müzakirələr başa çatdıqdan sonra “dəyirmi masa” iştirakçılarının akademiyanın tələbələri ilə görüşü keçirilib.