MEDİA Agentliyi bəyanat yaydıbackend

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıb, çəkiliş kameraları əllərindən alınıb və silahla hədələniblər.

AZTV əməkdaşlarının peşə borclarını yerinə yetirərkən nalayiq rəftara məruz qalmaları ümumilikdə azad söz və ifadə azadlığına, sərbəst jurnalistikaya qarşı təzyiqin bariz nümunəsi, jurnalistlərin informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi peşə fəaliyyətini yerinə yetirən media təmsilçilərinə qarşı törədilmiş hücumu ciddi şəkildə qınayaraq Fransa hakimiyyəti və aidiyyəti qurumları insidentə hüquqi qiymət verməyə, bu əməli törədənləri müəyyən edərək məsuliyyətə cəlb etməyə çağırır.

Agentlik eyni zamanda, beynəlxalq jurnalist təşkilatları və media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış qurumları məsələni diqqətdə saxlamağa və hadisə ilə bağlı hüquqi ölçü götürülməsi istiqamətində həmrəylik nümayiş etdirməyə səsləyir.