Yanvarın 15-də Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib.
“Yeni Gündem”-in mediaturda iştirak edən əməkdaşının məlumatına görə, Mediaturda Mətbuat Şurasının rəhbərliyi, Təhsil Nazirliyi və universitetin İctimai Şurasının üzvləri, valideynlər və KİV nümayəndələri iştirak edib. İştirakçıları universitetin auditoriyalarında imtahan prosesini izləyib və cavabların yoxlanılması haqqında məlumatlandırılıblar.
Rektor Vilayət Vəliyev bildirib ki, universitetdə imtahanlar test üsulu, yazılı və şifahi formalarda aparılır. Bütün imtahanlar “Elektron Universitet Portalı”vasitəsilə nəzarətə götürülür. İmtahanların nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Onu da bildirək ki, bir dəfəyə 250 tələbə kompüter vasitəsilə test imtahanını verə bilir. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır.
Universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Münaqişə Komisiyası təşkil olunub. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir.
Daha sonra valideynlərin və mətbuat nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, yanvarın 7-dən başlayan və fevralın 7-nə kimi davam edəcək sessiya imtahanlarında hər hansı səbəbdən iştirak edə bilməyən tələbələr (magistrantlar) ərizə ilə müraciət edərək fevralın 15-dək həmin fənlərdən imtahan verə biləcəklər.