“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”.
“Yeni Gündəm”-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə qurumun fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proqramdan nə isə çıxarmaq və əlavə etmək mümkündür:
“Məsələn, biologiyada virusla bağlı suallar da olacaq. Hər bir imtahan elan ediləndə proqramın təsdiqlənməsini və ya mövzuların çıxarılıb-salınacağını deyəcəyik. Qiymətləndirmənin əsas prinsipi – ədalətliliyi qoruyub-saxlayacağıq”.
Sədr bildirib ki, mart ayında doqquzuncu, aprel ayında isə 11-ci siniflər üçün imtahanlar keçirilməli idi:
“İmtahanla bağlı proqramlar isə noyabr, dekabr ayında nəzərdə tutulub. Şagirdlər onlayn və televiziyada olan dərslərdə iştirak edirlər.
Karantin dövründə 150-dən çox dərs “YouTube” kanalında yerləşdirilib. Kimsə dərsdə iştirak etməyibsə, kanalımızda dərsi tapıb yenidən baxa bilər. Dərslərin iki ay olmaması şagirdlərə psixoloji cəhətdən təsir edir, amma həmin şagirdlərin dərsi mənimsəməsi üçün şərait yaradılıb”.
Yenigundem.az