2020-ci ilin may ayının 1-də AMEA Rəyasət Heyətinin Xarici əlaqələr İdarəsinin təşkilatçılığı ilə “Layihələrin idarə edilməsi” mövzusunda onlayn iclas keçirilib.
İclas AMEA-nın Xarici əlaqələr idarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayevanın moderatorluğu ilə baş tutub. Onlayn iclasda AMEA Rəyasət Heyətinin Xarici əlaqələr İdarəsinin əməkdaşları və bütün institut və müəssisələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri iştirak edirdi.
Əvvəlcə E.Əlirzayeva “Horizon 2020”, “TÜBİTAK” “UNESCO” və s. təşkilatların proqramlarında Azərbaycanlı alimlərinin iştirakı haqqında söz açaraq dəstək alan və yeni təqdim edilən layihələrdən danışdı. İdarə rəhbəri beynəlxalq layihələrin sayının artmadı dinamikasını qeyd edərək, gələcəkdə bu layihələrdə Azərbaycanlı alimlərinin iştirakının daha da genişləndirilməsinin zəruri olduğunu vurğuladı. O həmçinin qeyd etdi ki, Azərbaycanlı alimlər güclü elmi potensiala malikdir və bu potensial beynəlxalq layihələrə cəlb edilməli və alimlərimizin dünyada daha çox tanınmasına zəmin yaratmalıdır.
Sonra Xarici əlaqələr İdarəsi tərəfindən hazırlanmış xarici müəssisələrlə əlaqələrin genişləndirilməsi istiqamətində aparılacaq tədbirlərə dair sxem təqdim edildi. İclasda həmçinin əməkdaşlıq sənədlərinin tərtibi qaydalarından danışıldı və bildirildi ki, həmin sənədlərin beynəlxalq standartlara uyğun nümünələri hazırlanmaqdadır və istifadəyə tövsiyyə ediləcəkdir.
Əməkdaşlıq sazişlərinin həyata keçirilməsi məsələsinə də toxunuldu və bildirildi ki, həmin sənədlərin kağız üzərində qalması deyil həqiqətən işləməyi önəmlidir. Bu məqsədlə hər bir əməkdaşlıq sədədi üzrə nəticələr haqqında hesabatların Xarici Əlaqələr İdarəsinə təqdim edilməsi təklif edildi. İclasda beynəlxalq əlaqələr üzrə hesabatlar, arayışlar və bir sıra vacib məsələlərə toxunuldu və onların həyata keçirilməsinə dair təkliflər irəli sürüldü.
Tədbirdə AMEA Neft və Qaz İnstitutu tərəfindən elmi katib, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova və beynəlxalq əlaqələr üzrə yeni təyin edilmiş məsul şəxs Könül Abbasova iştirak edirdi. Bütün institut və müəssisələrin nümayəndələri kimi, Şəlalə Hüseynova da inistitutun xarici elmi müəssisələrlə əməkdaşlığının vəziyyətindən danışdı. Əldə edilmiş nailiyyətlərdən danışdıqdan sonra o, mövcud problemlərə də toxundu və qeyd etdi ki, institututun yerli layihələrdə iştirakı yüksək səviyyədə olduğuna baxmayaraq, beynəlxalq layihələrin hazırlanmasında fəaliyyəti güclənməlidir. Bu problemin həlli yollarından bəhs edərək o, institutda layihələrin hazırlanması üzrə qrupun yaradılmasını zəruri hesab etdi. Şəlalə Hüseynova ölkəmizdə karantin dövrü olduğuna baxmayaraq Neft və Qaz İnstitutunun beynəlxalq əməkdaşlıq fəaliyyətinin onlayn rejimdə davam etdirildiyindən də danışdı və bu dövrdə aparılan işlərdən xəbər verdi.