Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edirbackend

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da, qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə deyib: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”. Belə bir fikir var ki, böyük şəxsiyyətlərin dünyaya gəlişi sakit, idarəçiliyə gəlişi mərhələli, idarəçilikdən gedişi xarizmatik, siyasi hakimiyyətə yenidən qayıdışı isə möhtəşəm olur. Bu möhtəşəm qayıdış heç də həmişə yox, yalnız tarixin gedişatının dəyişdiyi məqamlarda baş verir. Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldığımız zaman biz bu mərhələləri açıq-aydın görürük. Ümummilli Liderin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisəsi, xalqımızın itməkdə olan ümidlərinin dirçəlməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi.                      “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. …Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə – qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər görüb. Azərbaycan milli tarixində özünəməxsus yer  tutan  elə nadir  tarixi şəxsiyyətlərdəndir ki, onun   zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət  mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya  azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı.
Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu  hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə  sübut etmişdir.  Həmin  illərdə  Azərbaycanda  dövlət  quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə  həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü  yaşanmışdır.  Məhz bu illərdə  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılmasında,  dövlətçilik, o  cümlədən  parlamentarizm  ənənələrinin inkişafı  istiqamətində  əməli addımlar  atılmış, xalqın intellektual  keyfiyyətlərinin meydana  çıxması  üçün əsaslı zəmin yaradılmışdır.  Keçən hər bir il bir daha təsdiq edir ki, sözün hər mənasında, böyük və ibrətamiz həyat yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil. Ulu öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olmuş, xalqı ardınca aparmışdır. Bu gün xalqımız ümummilli liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Pənahova Suma
Azərbaycan Dövlət Pedaqoji Universiteti