Vaqif Əsədov: Azyaşlı uşaqların yol-qəza hadisələrindən qorumaq, bizim üçün ən başlıca vəzifələrdən biridirbackend

Bu gün  “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 28 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir  keçirilib.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Yeni Gündəm”-ə açıqlama verərək bildirdi ki, yol hərəkətlərinin təhlükəsizliyi qarşıda duran ən vacib məsələlərdən biridir:“Xüsusilə azyaşlı uşaqların yol-qəza hadisələrindən qorumaq, həyat və sağlamlıqlarının təhlükəsizliyini təmin etmək bizim üçün ən başlıca vəzifələrdən biridir.

Bu məqsədlə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi tədris ili boyunca fəaliyyət proqramı təsdiq edib ki, bu proqram üzrə də mütəmadi olaraq Bakı şəhər məktəblərində görüşlər keçirilib. Görüşlər zamanı məktəblilər qarşısında çıxışlar edilib, onların bilik və bacarıqları yoxlanılıb.

2019-2023-cü illər üçün təsdiq edilmiş dövlət proqramına uyğun iyunun 3-də Sabunçu rayonunda yerləşən 28 saylı orta məktəbdə də bu cür tədbir keçirilib. Düşünürəm ki, bu cür tədbirlər mütəmadi keçirilsə, yol-qəza hadisələrinin sayı azalar.
Unutmaq olmaz ki, cəmiyyətimizin hər bir üzvü azyaşlı uşaqların sağlamlıqlarının qorunmasında öz dəstəyini göstərməlidir, məsələdən kənarda qalmamalıdır. Bunun üçün məqsədli və davamlı təbliğat işlərinin aparılması vacibdir”.

Yenigundem.az