“Zəngəzur dəhlizinin açılmasının əleyhinə olanların 23 apreldə baş verənlərdə rolları az deyil” – Deputatbackend

Saxta soyqırımın anıldığı 24 apreldən bir gün öncə Azərbaycan dövləti Laçın yolununun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırmaqla gerçək tarixin necə yazıldığını və nə olduğunu bütün çılpaqlığıyla göz önünə sərdi. Bununla da saxta soyqırımı milli özünütəqdim və özünütəsdiq fürsəti olaraq dəyərləndirənlərə, əbədi kin virusuna yoluxdurulanlara bir daha ayrı-ayrı güclərin əlində geosiyasi alət olmağın perspektivsizliyi başa salındı.

Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Millət vəkili açıqlayıb ki, sərhəd-keçid məntəqəsini Qarabağdakı hay dillilərin orada qalıb yaşamaları üçün guya əngəl sayan qərbdəki bəlli çevrələr bizim regionda geosiyasi üstünlük və öz ölkələrində eloktoral baza əldə etməyə dayanan, bir azca da səlibçilik qoxusu gələn dırnaqarası təəssübkeşliklərini, başqa yolla davam etdisələr daha yaxşı olar.

“Bəzi ölkələrdə bu olay Ermənistanın fakt qarşısında qoyulması kimi qiymətləndirilir. Xeyr, bu, Ermənistandan çox, oradakı xəstə təfəkkürlüləri revanşizmə həvəsləndirən yırtıcı dövlətləri, Azərbaycanın ikinci Qarabağ savaşındakı zəfərini həzm etməyənləri fakt qarşısında qoymaq idi. Söhbət Fransadan, İrandan və digərlərindən gedir. Buradan onu da deməliyəm ki, Zəngəzur dəhlizinin açılmasının əleyhinə olanların 23 apreldə baş verənlərdə rolları az deyil. Ona görə də mən ABŞ-dakı bəlli çevrələrin və Fransanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasını pisləyən açıqlamalarını ikili standart yox, məhz ikiüzlülük, gözdən pərdə asmaq kimi qiymətləndirirəm. Bəyəm onlar Ermənistana təzyiq edərək 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirtməməklə 6-cı bəndin də üstündən xətt çəkdirdiklərini bilmirdilər? Azərbaycan Prezidentinin hələ 2021-ci ilin dekabrında Brüsseldə Laçın yoluyla Zəngəzur dəhlizinin eyni statusluluğu haqda dediklərini unutmuşdular? Əlbəttə, yox. Beləliklə, cənab İlham Əliyev həm sözü gedən dövlətlərə, həm də digərlərinə növbəti dəfə göstərdi ki, biz bütün ssenarilərə hazırıq. Ramazan bayramı ilə bağlı Tərtərdə baş çəkdiyim bütün şəhid doğmaları və qazilərimiz Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsinin qurulmasından son dərəcə razıdırlar, bu olayı 10 noyabr 2020-ci il üçtərəfli bəyanatından heç də az əhəmiyyətli saymırlar, bəlkə də əksinə torpaqlarımız üzərində suverenliyimizin tam təmininin rəmzi olaraq ona daha böyük önəm verirlər. Qəhrəman Tərtərin şəhid doğmaları və qaziləri Müzəffər Ali Baş Komandanımıza tarixə qızıl hərflərlə yazılacaq bu gün üçün öz dərin təşəkkürlərini bildirirlər!”.

S.Alıyev sonra sözlərinə belə davam edib:

“Elə etdirirlər də. Böyük Britaniyanın müstəqil tədqiqat qurumlarından birinin- Conflict Armament Research-in yaydığı hesabatda göstərilir ki, Ermənistan ötən il ABŞ-dan 2021-ci ildəkindən 515%, Avropa Birliyindən isə 212% çip və prosessor alaraq həmən məhsulların 97%-ni Rusiyaya ötürüb. Maraqlıdır, başqa dövlətlər Rusiyaya qarşı sanksiyanı azacıq pozarkən üstlərinə yerindiyi halda nədən Ermənistanın bu hərəkətlərinə göz yumulur? Yaxud Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasını pisləyənlər o marşrutla Ermənistandan Qarabağdakı qanunsuz silahlı birləşmələrə silah-sursat daşındığını, həmən silahlı birləşmələrin isə hay dillilərinin təhlükəsizliklərini təmin etməkdən çox Rusiyanın proksisi funksiyasını yerinə yetirdiklərini bildikləri halda niyə səslərini içlərinə salırlar? Beynəlxalq normaların bir dövlətin torpaqlarında digərinin qanunsuz silahlı birləşmələr saxlamasını qadağan etdiyini dilə gətirmirlər? Sözü gedənləri son 30 ildə yaxşı tanıdığımızdan suallar ritorikdir, deyilmi?”,-deyə o qeyd edib.

Fərahim Rəhimov