“250 manatlıq işdən imtina eləyə bilməyən kişidən nə kişi olacaq?”backend

İnsanın xarakteri onun maaşına uyğundur. Maaş nə qədər azdırsa insan o qədər qorxaq və ehtiyatlı olur, nə qədər çoxdursa yolu o qədər arxayın keçirsən, ürəkli olursan, qorxmursan. Fikir verin, hətta uşağın da xarakteri atanın maaşına uyğun formalaşır. Bir azca hissiyyatlı olsan, bilərsən ki, məsələn, ayda 250 manat maaş alan kişinin övladı hansı xasiyyətdədir, hansı xarakterdədir.

Bir dəfə televizorda bir kişi meyiti göstərdilər, Gənclik metrosunun yanında maşın vurmuşdu, baxan kimi hiss elədim ki, kişinin maaşı 250 manat olub. Gözləri elə çevrilmişdi ki, elə bil işlədiyi yerdə kadrlar şöbəsinin müdirinə acıq verirdi. Elə bil əsəbiləşib kadrlara deyirdi ki, sabahdan tabeldə qolum olmayacaq, daha işə gələn deyiləm, vəssalam.

Ümumiyyətlə, 250 manat kişi maaşı deyil. Bu, qadın maaşıdır. Adətən, əri yaxşı yerdə işləyən qadınlar evdə darıxmasın deyə özlərinə bir iş yeri tapıb başlarını qatırlar. Halbuki, ailənin həmin maaşa ehtiyacı yoxdur. Bəzən elə olur ki, qadın pulunu heç kartdan çıxarmır, eləcə yığılıb qalır, xəbəri də olmur. Yaxud da, həmin pulla yalnız özünə aid şeylər alır.

Başqa cür belə ola bilər ki, qadın ərindən boşanar, bir dənə də uşağı olar. Həm uşağa görə aliment alar, həm də 250 manatlıq bir işdə başını girələyər. Uşağın atasından bir ev də qoparıbsa, vəssalam, birtəhər dolanmaq mümkündür.

Məhz bu mənada deyirəm ki, 250 manat kişi maaşı deyil, qadın qazancıdır. Halbuki, Azərbaycanda nə qədər kişilər ailəsini qadın maaşı ilə saxlayır. Aydın məsələdir ki, 1000 manatlıq işlərdə sənə daha çox hörmət edirlər, amma az maaşlı yerlərdə adamı minirlər. Hərdən istəyirsən tüpürəsən hər şeyə, amma baxırsan ki, alınmır, uşaqları düşünürsən. Sadəcə, əlacın kəsilir, dözməyə məhkumsan.

Məhz bu cür şeylərə görə deyirəm ki, adamların xasiyyəti maaşına uyğun formalaşır. 250 manatlıq işdən imtina eləyə bilməyən kişidən nə kişi olacaq? Ən azı hər gün 250 qram kişilikdən düşürsən. Maaşı az olan atanın övladı da qorxaq olur. Belə uşaq heç vaxt güclü ola bilmir, məktəbdə həmişə axırıncı sırada oturur. Müəllimi həmişə uşaqların içində onu alçaldır. Sevdiyi qız həmişə onun haqqında tərəddüd içində olur. Belə uşaqdan əsgər olmur. Ümumiyyətlə, 250 manat maaş alan kişilərin mənə elə gəlir ki, oğlu olmur, çünki belə pulla kişi böyütmək mümkün deyil. Adam nə qədər sınar, adam nə qədər alçalar.

Az maaş alan kişinin arvadı ərini nə qədər sevsə də bir gün möhkəm bezir. Düzdü, belə qadınlar daha qeyrətli olur, atıb getmir, amma yorulur, əsəbiləşir, ağlayır. Bəzən atıb gedə də bilər, bir-iki dəfə televizorda eşitmişəm. Az maaş alan kişini üzü həmişə tüklü olur, belə kişilər üzünü qırxanda da tüklü görünür. Üzündə elə bir əzab olur ki, ifadə eləmək mümkün deyil.

Az maaş alan kişinin şalvarının balağı həmişə palçıqlı olur. Yolda, küçədə, harada balaca gölməçə olursa, az maaş alan kişi düz onun içindən keçir. Az maaş alan kişi bəzən yatıb avtobusda qalır. Adama elə gəlir ki, avtobus sürücüləri də az maaş alan kişini saya salmır. Hamı kimi sən də 30 qəpiyini verirsən, ancaq sürücü dediyin yerdə saxlamır, avtobusdan düşüb təzədən piyada geri qayıdırsan.

Çox qəribədir ki, az maaş alan kişilərin dünyada ən zəhləsi gedən adam müdiri olmur. Belə insanların əxlaqında müdirə qarşı çıxmaq hissi yoxdur. Onlardan gecə yatanda yorğanın altında da bir söz soruşsan, müdirləri haqqında yaxşı fikirdə olurlar. Az maaş alan kişilərin ən zəhləsi gedən adam iş yerlərində kadrlar şöbəsinin müdiri olur. Az maaş alan kişilər o qədər sadəlövh olur ki, elə bilirlər, müdir yaxşıdır, kadrlar şöbəsi pisdir. Ona görə də bütün az maaş alan kişilər kadrlar şöbəsinə nifrət edir. Katibələr müdirdən insafsız olduğu kimi, kadrların müdiri də sənə elə gəlir ki, hər şeyə baiskardır. Doğrudan, necə insafları yoxdur ki, üç uşaq atası, bir arvad yiyəsinə 250 manatdan ötrü deyir ki, səhərdən axşama kimi burda ol, bir səhər 9-un yarısında tabelə qol çək, bir də axşam saat 6-da. Bezirsən. Günortalar da iş yerini yoxlatdırır ki, görüm yerindədirmi? Az maaş alan kişinin qaçmaq üçün bircə yeri olur, o da iş yerinin pəncərəsindən özünü aşağı atmaq. Az maaş alan kişilərin üzündə həmişə müti bir təbəssüm olur.

Görəsən, kadrlar şöbəsinin müdiri niyə imkan vermir ki, 250 manat maaş alan kişi gedib ayrı yerdən yüzcə manat pul qazansın? Aylıq qazancın 350 manat olması necə gözəl olardı. Axı bu kişi kirayə qalır. Qaz, işıq, su pulu boğaza dirənib. Yaşamaq olmur. Bank kreditləri qapını kəsib. Hər gün adamın ağlından intihar fikri keçir. Dükanlar bezib, daha nisyə vermirlər. Ata yox, ana yox, bacı yox, qardaş yox, öhdəndə iki-üç uşaq qalıbsan çarəsiz ki, nə eləyim?

Məsələ ondadır ki, 250 manat maaş alan kişilər həmişə ümidli olurlar. Özləri ölürlər, ancaq ümidləri ölmür. Atanın ümidini balası yaşadır. Atanın həyata keçməyən arzuları balasının ürəyində cücərməyə başlayır. 250 manat maaş alan kişilərin arzular heç vaxt həyata keçmir, onların arzuları bir ürəkdən o biri ürəyə keçir.

Kəramət Böyükçöl

Yazıçı