“Azərbaycan 7 fevral 2024-cü il tarixində çox böyük qələbə qazandı. Bildiyimiz kimi növbədənkənar prezident seçkiləri keçirildi. Seçicilərin aktivliyi nöqteyi-nəzərindən onu deyə bilərik ki, dünya üzrə rekord göstəricinin şahidi olduq. Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı öz taleyinə biganə qalmır”.
Bu fikirləri “Yeni Gündem”-ə açıqlamasında Milli Məclisin deputatı Sadiq Qurbanov bildirib.
Milli Məclisin üzvü vurğulayıb ki, 7 fevral tarixi xalqın həm də Prezident İlham Əliyevin 20 il ərzində apardığı uğurlu siyasətinə təşəkkürünün təntənəsi oldu.
“Bu bir daha onu göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasətinin ideyasını hələ uzun illər ölkəmizdə davam edəcək. Eyni zamanda bizi istəməyən, bizim uğurlarımızı həzm edə bilməyənlərə ən yaxşı cavab vermiş olduq. Xalq-dövlət- iqtidar birliyi bir daha özünü əyani sübut etdi. İstənilən prizmadan bu məsələyə yanaşsaq Azərbaycan uğurunun faktoru öz sözünü deyir”.
Millət vəkili S. Qurbanov onu da əlavə edib ki, bütün dünyaya göstərdik ki, güclü dövlətə sahib olmaq üçün onun ərazisində yaşayan xalqın rəyi nəzərə alınmalıdır.
“Bu gün Fransa kimi anti-demokratik ölkələrdə taleyüklü qərarların qəbul edilməsində əhalinin münasibəti nəzərə alınmır. Özlərini demokratiya carçıları kimi nümayiş etdirənlər dünyada ayrı-seçkiliyin bünövrəsini qoyurlar. Ancaq ölkəmizdə bu cür hallara heç bir zaman rast gəlinməyib”.
“Yeni Gündem”