“Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi daha da artıb”
Bu sözləri “Yeni Gundem”-ə Parlamentin Gənclər və İdman komitəsinin üzvü, millət vəkili Könül Nurullayeva açıqlayıb.
Milli Məclisin deputatı K.Nurullayeva bildirib ki, bu gün dövlət sosial müdafiəyə ehtiyacı olan gənclərin yaradıcılıq potensialının inkişafı, iş yeri və layiqli həyat səviyyəsinin təmin edilməsi üçün imkanlar yaradır, sosial dəstəyin müvafiq modellərini tətbiq edir, habelə risk qrupunda olan gənclərin sosial adaptasiyası üçün tədbirlər həyata keçirir.
“Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğun təmin edilməsi əsas prioritetlərdəndir.
Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri bir çox sahələrdə böyük nailiyyətlər qazanmaqdadır. Müasir Azərbaycan gənci həm də vətənə və dövlətə bağlılığı ilə seçilir. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunə, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğurudur. Təbii ki, dövlət səviyyəsində milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb. Gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi gənclər siyasətinin nəticəsidir. Bu gün Azərbaycan gənci dövlət tərəfindən ən yüksək səviyyədə dəstəklənir, ictimai-siyasi proseslərdə gənclərin fəallığı müşahidə olunur. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı. Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs vahid amal uğrunda, dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!”
Beləliklə, fəxr hissi ilə deyirik ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var”.
Milli Məclisin üzvü onu da əlavə edib ki, gənclər həm də dövlətin və cəmiyyətin inkişaf təməlidir. “Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir. Bu uğurlar davamlı olmalı, Azərbaycan gənci müsbət keyfiyyətləri ilə daim fərqlənməyi bacarmalıdır”.
“Yeni Gundem”