ABŞ-dan Rusiyada hökumətin istefaya getməsinə ilk reaksiyabackend

ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Morqan Ortaqus Rusiyada hökumətin tam tərkibdə istefaya getməsinə münasibət bildirib. 

“Yeni Gündem”in verdiyi xəbərə görə, bu barədə o, müvafiq bəyanatı RTVI telekanalında səsləndirib.

“Deyə bilərəm ki, biz Rusiya vətəndaşlarının tərəfindəyik”, – deyə Ortaqus bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə ABŞ arasındakı münasibətləri yaxşılaşdırmaq istədiyini açıqlayıb, lakin nəticə Rusiya hakimiyyətindən asılıdır.

“Ümid edirik ki, Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onlar xarici siyasətdə dəyişiklik etmək istəyimizi nəzərə alacaqlar, – deyə Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

“TASS” xəbər verir ki, Ağ Ev Rusiya hökumətinin istefası ilə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Baş Nazir Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.

Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin yeni Baş Nazir olacağı gözlənilir. Onun bu vəzifəyə namizədliyini Vladimir Putin təklif edib. Bildirilir ki, Mişustin təklifi qəbul edib və onun namizədliyi Dövlət Dumasına təqdim edilib.