AĞDAM RAYONUNUN İŞĞALDAN AZAD OLUNMASI AZƏRBAYCANIN NÖVBƏTİ MÖHTƏŞƏM QƏLƏBƏSİDİRbackend

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatında elan olunmuş qrafikə uyğun olaraq bu gün – noyabrın 20-də Ağdam rayonu erməni işğalından azad olundu. Bununla da Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. Bu möhtəşəm qələbədir, lakin bu, elə də asan əldə edilən qələbə deyil. Torpaqlarımızın bir qarışını belə öz xoşu ilə qaytarmaq istəməyən Ermənistan şanlı ordumuzun hərbi qələbələrinin nəticəsi olaraq torpaqlarımızdan çəkilmək məcburiyyətindədir.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa kimi, Ağdamın azad edilməsi də hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edən cənab Prezident, Ali Baş Komandan İlham Əliyev böyük fəxrlə dedi: “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Ağdamın ərazisi 1094 kv.km idi. Bu ərazinin 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin işğalı altına keçmişdi.
Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuş, çoxlu şəhidlər vermişlər.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər ermənini qanunsuz məskunlaşmışdılar.
Ağdam tarixən Azərbaycanın mühüm elm, təhsil, mədəniyyət mərkəzlərindən olmuşdur. Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Pirimov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri, tikililər vardı.
Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.
Bu vəhşilik, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Cənab Prezident çıxışında demişdir ki, Ağdam yenidən bərpa ediləcək, Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın inkişaf etdiyi rayonlarından birinə çevriləcək.
Var olsun müzəffər Azərbaycan ordusu!
Var olsun müzəffər Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!

Əziz Ələkbərli

Milli Məclisin deputatı