“Azərbaycan media sahəsində beynəlxalq reytinqlərin hansı siyasi məqsədlərə xidmət etdiyini yaxşı bilir, lakin bununla belə dövlət KİV sahəsində beynəlxalq əlaqələrdə yeni səhifə açmağa hazırdır”.
“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc qeyd edib ki, layihədə ifadə azadlığına, İnsan haqlarına dair Avropa konvensiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hər hansı hüquqi qadağalar, azad mətbuat əleyhinə gizli və dolayı normalar nəzərdə tutulmayıb, əksinə, dövlət medianın inkişafında və güclənməsində maraqlıdır: “Layihə sosial medianı, Youtube kanallarını, bloqosfer və digər platformaları tənzimləmir. Ona görə də Azərbaycan dövlətini internet resurslarında bütün növ fəaliyyətlərə məhdudiyyət qoymaq niyyətində olmaqda günahlandırmaq yanlışdır. İnternet televiziyalarını məcburən lisenziyalaşdırmaq, yaxud efir məkanına senzura tətbiq etməyə dair də sənəddə hər hansı müddəa yoxdur. Kiçik vaxt rejimində fəaliyyət göstərən internet audiovizual resursların qanunun qəbul olunduqdan sonra da fəaliyyəti olduğu kimi davam edəcək. Üstəlik, dövlətin məramı iqtisadi, sosial, vergi və digər xarakterli güzəştlərlə onları inkişaf etdirməkdir. Ali təhsili olmayan şəxslərin Media Reyestrinə alına və vəsiqə ilə təmin oluna bilməyəcəyi müddəası da diksriminasiya niyyəti güdmür. Çünki bu şərt istənilən dövlət qulluğu və hər hansı vəzifənin tutulmasına dair digər sahələrdə mövcud olan meyarlara oxşardır. Lakin dövlət media təhsili və media peşəkarlığının artırılması üçün öz güclü məramını bəyan edir və proqramları ilə o sahədə güclü təhsilli media ordusu formalaşdırmaq niyyətindədir”.