Almaniyada koronavirus pandemiyasına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin müddəti uzadılıb.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əyalətlərin baş nazirləri Almaniya hökuməti ilə birlikdə dünən koronavirusla mübarizə tədbirlərini genişləndirmək və qismən sərtləşdirmək qərarına gəlib: “Bu, vətəndaşların şəxsi həyatına və ictimai həyata daha da dərin müdaxilə deməkdir. Ağrılıdır, amma infeksiyanın yayılmasını uzunmüddətli nəzarət altında saxlamaq lazımdır”.
Qeyd edək ki, Almaniyada 16 dekabrdan etibarən ərzaq və kiçik avadanlıq mağazaları, apteklər, optikalar, banklar, qəzet köşkləri, poçt şöbələri, ev heyvanları mağazaları, tibb müəssisələri xaricində bütün müəssisələr bağlanıb. Hazırda ölkə rəhbərliyi əlavə məhdudiyyətlər tətbiq edir. Məktəblilər yanvar ayının sonuna qədər distant təhsilə davam edəcək, görüşlərə bir ailənin nümayəndələri və kənardan yalnız bir nəfər olmaqla icazə verilir. Xəstəliyin yüksək dinamikası olan bölgələrdə əhaliyə 15 kilometrdən çox radiusda üzrsüz səbəbdən evdən çıxmamaq tapşırılıb.