Azərbaycanlıların öz -etnik torpaqlarıdan qovulması Sovet dövründə də davam etmişdirbackend

XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.

Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktları olub. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki doğma torpaqlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq qovulub. Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalayıb. Fərmanda deyilir: “Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.  Bundan sonra isə erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlayıblar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, toponimika tarixində misli görünməyən hadisə – qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verib.

II Dünya müharibəsi dövründə Mikoyan başda olmaqla erməni daşnaq liderləri «Böyük Ermənistan» uğrunda ikibaşlı fəaliyyət göstərmişlər. Bir tərəfdən onlar Hitlerin qələbə çalacağına inanıb ona Zaqafqaziyada iki dövlətin-erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi planını cızırdılar. Hər iki halda azərbaycanlıların Zaqafqaziyadan Orta Asiyaya və Sibirə deportasiyasına cəhdlər edilirdi.Sonrakı planın ilk addımı müttəfiqlərin Tehran konfransında (28.XI-01.XII.1943) özünü büruzə verdi. Ermənilər konfransda xaricdəki ermənilərin Sovet Ermənistanına köçürülməsi razılığına nail oldular.Məqsəd Türkiyədən torpaq qoparmaq və Ermənistandakı azərbaycanlıları xarici ermənilərin Sovet Ermənistanına köçü ilə əlaqədar deportasiya etmək idi. Məqsədin birinciliyinə nail olmaq üçün ermənilər Sovet hökumətinə təsir göstərdilər.Sovet hökuməti Türkiyə Respublikasına nota verib (1945) yuxarıda adı qeyd edilən ərazini (26,4 kv.km.) və boğazlara nəzarəti tələb etdi. Bu vəziyyətdə az qala Sovet İttifaqı və Türkiyə arasında III Dünya müharibəsi təhlükəsi yaranacaqdı. Böyük təhlükəni görən Stalin tələbindən imtina etdi. Beləliklə, ermənilərin bu məqsədi də puça çıxdı. Türkiyədən torpaq qoparmaq müşkül məsələyə çevrildikdən sonra ermənilər Sovet Azərbaycanın üstünə düşdülər. 1945-ci ilin noyabrında Ermənistan KP MK katibi Q.Arutyunov İ.Stalinə məktubunda Qarabağın Ermənistan SSR-yə verilməsini xahiş etdi. Stalin həmin məktubu K.M.Malenkovun üstünə, Malenkov isə öz növbəsində Azərbaycan rəhbərliyinə göndərdi. Mircəfər Bağırov məktuba cavabında bildirdi ki, Azərbaycan həmin təklifə etiraz etmir, bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş ərazilər (Zəngəzur, Göyçə, Borçalı, Dərbənd və sair) də onun özünə qaytarılsın. Bununla da emənilərin növbəti cəhdi də puça endirildi.Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdi boşa çıxdıqdan sonra 1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi işinin təşkili haqqında qərar verdi.

Köçürülmə sonrakı illərdə də davam etdi. 1954-1956-cı illərdə 1316 təsərrüfat, 5876 nəfər azərbaycanlı Ermənistandan deportasiya olunmuş, etnik təmizləmənin növbəti mərhələsi keçirilmişdi.

Onu da təəssüflə qeyd edək ki, deportasiya olunanların hər üç nəfərindən biri yeni şəraitə, isti və quru iqlimə, adi məişət təminatsızlığına dözə bilməyib, aclıq və xəstəlikdən ölürdü.

Beləliklə, 1948-1956-cı illərdə Stalin-Beriya-Mikoyan üçlüyünün məkrli, antiazərbaycan siyasəti və M.Bağırovun qətiyyətsizliyi nəticəsində Ermənistan SSR-də azərbaycanlıların sayı xeyli azaldı. Vaxtilə Vedi, Keşişkənd rayonlarının əhalisinin etnik tərkibinin 72 faizini azərbaycanlılar təşkil etdiyi halda, deportasiyadan sonra orada cəmi 15-17 faiz azərbaycanlı qalmışdı. Azərbaycanda isə əksinə, ermənilərin sayı artırdı. Azərbaycanın əsas iri şəhərlərində – Bakıda, Sumqayıtda, Gəncədə, Əli-Bayramlıda, Mingəçevirdə, Daşkəsəndə və s. Şəhərlərdə ermənilərin sayının artması ilə yanaşı, erməni gizli təşkilatları yaranırdı.

1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi torpaqlarından köçürülən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməli idi, lakin hələ bu günə qədər buna beynəlxalq miqyasda hüquqi qiymət verilməyib.

Nəsimi rayon sakini Hüseynli Billurə