Təəssüflər olsun ki, yenə də yazıya koronavirus haqqında yazaraq başlamalıyam.
Amma indi nə virusdan qorunmaqdan, nə də ona inanmaqdan danışmayacağam. Budəfəki məsələ media əhlinin üzləşdiyi xoşagəlməz vəziyyətdir.
Adam var evdən gedən, adam da var eldən…
Bu gün gündəmi zəbt edən xəbərlərin böyük bir qisminin mövzusu ölüm mövzusudur. Artıq səhəri kiminsə ölüm xəbəri ilə açmağa adətkar olmuşuq desəm, yəqin ki, yanılmaram. Özü də biri var evdən gedən, biri də var eldən…
Eldən gedənlərimiz çox oldu. Bu, hamımızı sarsıtdı. Mədəniyyət və incəsənət, təhsil və səhiyyə – az qala bütün sahələrdən ən görkəmli, qabaqcıl şəxsləri aldı əlimizdən bu lənətə gəlmiş virus.
Mərasimin virtual izləyicisi olmaq təsəllisi…
Dəyərli şəxsləri itirmək bir dərd, onların adlarına layiq vida məclislərinin ( red. koronaya görə ) təşkil olunmaması da başqa bir dərd. Bizim xalq xeyirdən nə vaxtsa qala bilər, amma dar gündə, şərdə hamımız bir yerə toplaşmışıq. Lakin bugünkü vəziyyət ona imkan vermir. Elə ona görə də camaat ən azından həmin dəfn mərasimlərini onlayn formada izləyərək özünə təsəlli verir.
Jurnalist hər şeydən öncə vətəndaşdır…
Tanınmış bir şəxs dünyasını dəyişdikdə bütün media nümayəndələri yığılır ev sahibinin başına. Ola bilər ki, hansısa media işçisi oraya reytinq arxasınca gedib, amma əminəm ki, onların, demək olar, hər biri mərhuma sağlığında dəyər, hörmət etdiyi üçün oraya üz tutur. Çünki jurnalist olmaq bir yana, ondan öncə həm də vətəndaşlıq borcu var.
Burada pis nə var ?
Mərhum evindən çıxarılandan ta qəbir evinə qədər jurnalistlər dəfn mərasimini tam işıqlandırırlar – mərhumun orada iştirak edən yaxınlarından, iş yoldaşlarından müsahibələr alır, mərhumla bağlı xatirələri eşitmək və eşitdirmək üçün yaxınlarına mikrofon uzadırlar.
Molla deyir, qırağa dur, o biri də kameranı söndür əmrini verir…
Amma mərhum torpağa tapşırılanda aləm dəyir bir-birinə – molla deyir, qırağa dur, o biri də kameranı söndür əmrini verir. Təbii ki, bəzi hallarda din xadimi, yəni molla jurnalistin qaydalara görə hərəkət etməsini istəyir. Bu da təbiidir. Lakin mərhumu sevənlərə həmin kadrları çatdırmaq üçün müxbir fiziki baxımdan bəzən ən çətin vəziyyətə düşür.
Bu, peşə qaydalarına zidd deyil…
Ekstremal jurnalistikanın bir növü hesab oluna bilər. Təbii ki, qismən. Qaldı ki, etik qaydaları pozmağa burada da heç bir səhvlik yoxdur. Çünki qaydalarda belədir ki, mərhumun yaxınına onu pis vəziyyətə salacaq, kədərləndirəcək suallar vermək olmaz və bu, birbaşa jurnalistin peşə etikasını pozmasıdır. Amma müxbir sakitcə öz işini görürsə, burada heç bir qəbahət, ya da pis niyyət yoxdur, ola da bilməz. Elə ona görə də bir-birimizi başa düşək, başqa heç nə lazım deyil.
Allah eləsin xalqımız tezliklə bu cür xəbərlər artıq eşitməsin!
Bir də heç kim ölməsin!
Dünyamız düzəlsin!
Gedib Qarabağımızda bayram şənlikləri keçirək!
Amin!.. Amin!..
Nicat Dilqəmli,