Cənab prezident bu yaxınlarda yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması barədə fərman verdi.
Bu fərman ictimaiyyət tərəfindən böyük razılıqla qarşılandı.Saatlı rayonundan seçilmiş millət vəkili Əziz Ələkbərliyə ilk sualımız cənab Prezidentin həmin fərmanı barədə oldu.
Əziz müəllim, deputat seçildiyiniz Saatlı rayonundan yeni qayıtmısınız. Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları ilə görüşmüsünüz. Cənab Prezidentin icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı müvafiq şöbələrin yaradılması barədəki fərmanına yerlərdə münasibət necədir?
Şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının sosial problemləri daim cənab Prezidentin diqqət mərkəzində olub. İndi də elədir. Bu da təbiidir. Çünki torpaqlarımızın 30 illik işğaldan azad edilməsi şəhidlərimizin canı, qazilərimizin qanı, müharibə iştirakçılarının igidliyi hesabına mümkün olmuşdur. Bu insanlar Vətən çağırışına tərəddüd etmədən, arxalarında qoyduqları problemləri düşünmədən səs vermişlər. Bu gün onlar, onların ailələri, doğmaları hər cür dövlət və vətəndaş qayğısını haqq edirlər. Sözsüz ki, onların problemlərinin həllini zamanın ixtiyarına və bəzi yerli məmurların insafına buraxmaq olmaz. Təsadüfi deyil ki, cənab Prezident qısa vaxtda bu məsələlərlə bağlı bir sıra fərmanlar vermiş, sərəncamlar imzalamışdır. Onlardan biri də icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılmasıdır və bu, vaxtında verilmiş mühüm bir fərmandır. Təbii ki, yerlərdə bu fərman böyük razılıqla, Ali Baş Komandanın öz qəhrəman döyüşçülərinə, onların doğmalarına növbəti diqqəti kimi qarşılanmışdır.
Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli belə bir təklif irəli sürdü ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edən hərbçilər arasında kifayət qədər ali təhsilli mütəxəssislər var və yaxşı olar ki, icra hakimiyyətlərində yaradılacaq müvafiq şöbələr həmin şəxslərdən formalaşdırılsın. Bu məsələ barədə fikriniz necədir? Saatlıda bu iş necə olacaq?
Mən hörmətli Əli müəllimin fikrini tam dəstəkləyirəm. Gəlin nəzərə alaq ki, oğullarımız müharibədə təkcə düşmənlə döyüşməyiblər, həm də bir kişilik, mərdlik, igidlik, bir-birini qorumaq, bir-biri üçün həyatını təhlükəyə atmaq, son tikəsini bir-biri ilə paylaşmaq məktəbi keçiblər. Onlar bir-birini daha yaxşı başa düşür, bir-birinin problemini hamıdan yaxşı bilir, bir-birinin qayğısına qalırlar. Onlar qan qardaşı olmasalar da, can və ruh qardaşıdırlar. Qazilərimiz, döyüşçülərimiz arasında kifayət qədər zabitlərimiz var, onlar hamısı ali təhsillidirlər və o şöbədə işləməyə layiqdirlər. Saatlı rayonunda da qazilərimiz, müharibə iştirakçılarımız arasında belələri kifayət qədərdir. Mən bu məsələdə mövqeyimi Saatlı Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Elmir Bağırova da bildirmişəm. Bu şöbəyə Vətən müharibəsində iştirak etməyən adamların cəlb edilməsi yanlış olardı. Mən sadəcə təsəvvür edə bilmirəm ki, bu və ya digər səbəbdən müharibədə iştirak etməyən biri bu müharibədə canını ortaya qoyan, sağlamlığını itirən biri ilə necə üz-üzə oturub onun problemlərini həll edə, hətta bu problemləri onunla müzakirə edə bilər. Əlbəttə, bu, mənim şəxsi fikrimdir.
Yenigundem.az