Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təminatı kimi bu şərtləri irəli sürüb. Azərbaycanın yaratdığı bu şans Ermənistan üçün də əlverişli şərait yarada bilər. Müharibədən sonrakı dövrdə Ermənistanda ictimai-siyasi mühitin mürəkkəbləşməsi, klanlararası mübarizənin güclənməsi, eyni zamanda sosial və iqtisadi durumun pik həddə çatması hamıya aydındır. Eyni zamanda, ölkənin gələcək inkişafı bölgədə əməkdaşlıqdan asılıdır, əks halda bütün imkanlar itmiş olacaq. Ona görə də, qarşı tərəf bu təklifləri, sözsüz və qeyd-şərtsiz, qəbul etməlidir. İrəli sürülən şərtlərin çox düzgün və ədalətli olması Qafqazda və bütövlükdə regionda sülhün və sabitliyin təminatı olaraq qəbul edilməlidir.
Bu barədə “Yeni Gundem”-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
A.Hüseynovun sözlərinə görə, Azərbaycan sülhpərvər siyasət yürüdərək yaratdığı yeni reallıqlar fonunda bütün bölgə ölkələrini birgə daydalı əməkdaşlığa dəvət edir. Hazırda ölkəmiz regionda ən mühüm nəqliyyat qovşaqları inşa edir, o cümlədən Zəngəzur dəhlizinin çəkilişi üçün davamlı addımlar atmaqdadır. Bu kommunikasiyalar Qərblə Şərqi birləşdirən Yeni İpək Yolunun ən mühüm tranzit nöqtələrindən biridir, hər bir ölkə üçün iqtisadi-geosiyasi əhəmiyyəti vardır. Azərbaycan Ermənistan üçün də qapılar açır, dalana sıxılmış vu zavallı ölkənin də Qərbə və Şərqə çıxışlarını tənin edir. Ona görə də Cənubi Qafqazda bütün traniztlərdən və iqtisadi layihələrdən kənarda qalan Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul etməklə yaşadığı ağır və qaranlıq gələcəkdən qurtulmuş olacaq. Əks halda Ermənistan yenə də dalanda sıxılmış vəziyyətdə başqa ölkələrin əlində oyuncaq olmaqla faktiki olaraq müstəqil ölkə deyil, asılı ölkə kimi yaşamağa məhkumdur.
Millət vəkili bildirib ki, İrəvan üçün bundan sonra daha ağır situasiyalar yaşana bilər. Bu forpost ölkə İran və Fransanın, digər havadarlarının fitnəsi ilə hərəkət edərək Azərbaycanla sülh müqaviləsi imzalamaqdan imtina etdiyi və təxribatlara əl atdığı halda, Azərbaycanın dəmir yumruğunun daha öldürücü zərbəsini alacaq ki, bundan sonra özünə gəlməsi üçün illər də çatmayacaq. Eyni zamanda, bu təcavüzkar ölkənin iqtisadi –siyasi fürsətləri də tükənəcək və Azərbaycanın iqtisadi sərvətlərini 30 il ərzində istismar edən Ermənistanın siyasi rəhbərliyi və xarici şirkətlərin rəhbərləri layiqli cəzalarını da almaqla bu ölkənin ağır borclar altında fəlakətlə üzləşməsinəsəbəb olacaq. “Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ciddi şəkildə dərindən tədqiq edilir, beynəlxalq kriminal iqtisadi cinayətkarlar barədə digər zəruri materiallar toplanılır. İşğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi tam başa çatdıqdan sonra Ermənistanın siyasi rəhbərliyi də daxil olmaqla beynəlxalq iqtisadi cinayətkar dəstənin bütün üzvləri, bu prosesdə iştirak edən xarici şirkətlərin rəhbərləri və onlara dəstək verən siyasi dairələrin nümayəndələri məsuliyyətə cəlb olunacaq”.
Bütün bunlar onu göstərir ki, Ermənistan Azərbaycanın sülh təşəbüskarlığını dəyərləndirməklə həm ağır iqtisadi buxovlardan qurtula bilər, həm də gələcəkdə bu regionun rifah gətirən layihələrində iştirak etməklə öz dövlətini və xalqının da xilasını təmin etmiş olar. Əks halda İrəvan siyasi-iqtisadi-sosial problemlərin daha da dərinləşməsi sayəsində müstəqilliyinin də təhlükə altına düşməsi reallığı ilə üzləşəcək.”,- deyə o qeyd edib.
Fərahim Rəhimov