27 sentyabr 2020-ci il… Sözügedən gün tariximizə qızıl hərflərlə yazıldı. Həmin tarixdə mənfur düşmənlərimiz doğma vətənimizdə növbəti hərbi təxribatlar törətmiş, dinc əhalini ağır artilleriya atəşinə tutmuşdur. Cənab Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun əks-hücum həmlə əməliyyatı nəticəsində düşmənə sarsıdıcı zərbələr endirilmişdir.
Ümumiyyətlə tarixə nəzər salsaq görərik ki, Azərbaycan və Ermənistan arasında ilk münaqişələr XIX əsrin əvvəllərində, yəni Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanması ilə başlanılmışdır. Azərbaycan torpaqlarında ermənilərin kütləvi surətdə yerləşməsi həmin vaxtdan başlandı. Bu, daha sonralar Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə çevrilmiş, 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə nəticələnmişdir.
1991-1993-cü illər ərzində 13 rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Bununla da 31 Mart Soyqırımı, 20 Yanvar faciəsi, Xocalı faciəsi və bu kimi soyqırımlar Azərbaycan xalqının yaddaşına həkk olundu. Lakin, 1994-cü ildə yaradılmış ATƏT-in Minsk qrupu 26 il ərzində bu münaqişəni sülh yolu ilə həll edə bilmədi. BMT-nin isə Azərbaycanın ərazi bütövlüyü üçün verdiyi qərar və 822, 853, 874 və 884 qətnamələri yalnız kağız üzərində qaldı. Bundan sui-istifadə edərək erməni vandalları işğal etdiyi ərazilərdə abidə, məscid və yaşayış komplekslərimizi dağıdır, qədim etnosiyasi tariximizə ləkə vurmuşdur. İllərlə ard-arda təxribatlar törətmiş acgöz, hiyləgər erməni vandalları Azərbaycan xalqının əzmini və iradəsini sındıra bilmədi. 30 ildir səbrlə gözləyən ölkəmiz artıq işğalla barışmadı və öz ölkəsinin bütövlüyü üçün erməni qüvvələrinin hücumuna əks hücumla cavab verərək Vətən müharibəsinə başladı. Lakin, ermənistan tərəfi yenə də öz mənfur niyyətləri və amansızca insanlığa yaraşmayan əməlləri ilə döyüş cəbhəsindən kənar ərazilərdə (Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Goranboy, Ağcabədi) yerləşən dinc əhaliyə, mülki insanlara istifadəsinə icazə verilməyən ağır artilleriyadan atəş zərbələri endirməkdə davam etdilər.
Ermənistan tərəfindən 3-cü dəfə Gəncədə yaşayış binaları, onun ətrafında isə Uşaq Poliklinikası və Orta Məktəb binası yerləşən əraziyə ağır raket zərbəsi endirilərək cinayət işləməsi faktı əzəldən bəri uşaq qatili olduğunu bir daha sübut etdi.
Biz bu cinayət faktına illərlə, hətta Xocalı faciəsi zamanı da açıq aşkar şahidi olmuşduq. Bunu bütün dünyaya özlərini aciz, sülhsevər, təcavüzə məruz qaldığını göstərən xalqın nümayəndəsi, həkim adına ləkə olan erməni Zori Balayan “Ruhumuzun canlanması” adlı kitabında ermənilərin Azərbaycanlı uşaqlara etdikləri ağılasığmaz işgəncələrinin kiçik bir qismini yazaraq erməni vandalizminin əslində necə faşist, necə cinayətkar bir millət olduğu faktını ortaya qoymuşdur.
Öz təcavüzkar siyasətini yeritməyə davam edən ermənilər indi də bu dəhşəti özünün zəif və qorxaq strategiya və planlarına əsasən insanlığa qarşı etmiş oldu. Çünki, baş verən hadisə tək Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilən terrordur. Sözsüz ki, ermənistan hakimiyyətinin bu addımları Azərbaycan ordusu qarşısında acizliyinin sübutudur. Ermənistan Silahlı Qüvvələrinin döyüş cəbhəsindən qaçıb, gecə vaxtı, anidən, sakinlər yatarkən dinc əhaliyə, mülki əhalinin yaşayış məhəllələrinə yenidən raket zərbələri endirilməsi faktı onların qorxaqlığının təzahürüdür. Necə deyərlər, zalımın sonu çatanda, zülmünü artırar və daha da azğınlaşar..
Bu bir cinayət faktıdır… Bu cinayətə laqeyd qalmaq isə onun iştirakçısına çevrilmək deməkdir! Dünya ictimaiyyəti bu dinc sakinlərin, ən əsası uşaqların hüquqlarını qorumaq üçün bu hadisəyə səssiz qalmamalıdır. Azərbaycana birmənalı şəkildə dəstək olan bir sıra ölkələrdən ən əsası Türkiyə və Pakistan oldu. Ancaq, erməni vandalizmi bütün dünyanın qınaq dairəsinə çevrilməsinə baxmayaraq, dünya birliyi buna hələ də susur, hələ də göz yumur. Bununla belə uşaqların hüquqlarının tapdalanmasına baxmayaraq, UNİCEF doğru mövqeyini bildirməyib. Bütün bunlara baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi “Azərbaycan xalqının iradəsini və əzmini heç bir qüvvə sındıra bilməz!” Ön cəbhədə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində əzici üstünlüyə malik olması, arxa cəbhədə isə iradəli Azərbaycan xalqının dərin şücaəti eyni qaydada davam etməlidir.
1. İlk növbədə, ön cəbhədə əsgərlərimizə həm maddi (geyim, ərzaq), həm mənəvi (motivasiyaedici məktubla) öz dəstəyimizi göstərməliyik. Çünki, əsas müharibə döyüş cəbhəsində gedir və onların bizim dəstəyimizə və ruh yüksəkliyinə ehtiyacı var.
2. İnformasiya cəbhəsində isə biz gənclər olaraq, haqq səsimizi dünyaya çatdırmaq üçün yorulmadan savaşmalıyıq. Gəncə terroru zamanı “prayforGanja” haştaqı 1 gündə 1 milyondan çox insan tərəfindən yazıldı və bununla bütün dünyanın diqqətini erməni terroruna cəlb etməyi az da olsa bacardıq. Bu mübarizəmizi daha geniş şəkildə davam etdirməli, sosial şəbəkələri xüsusən də “twitter” sosial şəbəkəsini aktiv şəkildə istifadə edərək ədalətimizi dünyaya çatdırmalıyıq!
3. Eyni zamanda xaricdə yaşayan soydaşlarımız da hüquqlarımızın təmin olunmasında daha fəal iştirak etməlidir.
4. Heç bir təxribata, düşmənin propaqandalarına uymamalı, rəsmi məlumatlardan kənar informasiyaları yaymamalı və xalqı təşvişə salmamalıyıq.
5. Əsgərlərimizə aid şəkil və video kadrları da paylaşmamalıyıq. Əks təqdirdə bu, Azərbaycan Ordusuna ziyan verəcək hallarla nəticələnə biləcəkdir.
6. Mənfur düşmənin bilərəkdən dinc əhaliyə, sivil insanlara hücum edib, daha sonra özlərini hücum olunan tərəf kimi göstərməklərinə qarşı mübarizə aparıb amansız əməllərini gözlər önünə qoyaraq dünya ictimaiyyətinə çatdırmalıyıq.
7. Beynəlxalq hüquq dünyada ədaləti bərpa edəcək əzmi göstərmir. Biz vətənini sevən bir azərbaycanlı olaraq düşmən tərəfindən çıxış edənlərə sosial şəbəkə vasitəsilə həqiqəti nümayiş etdirərək fikirlərinə təsir göstərməliyik.
8. Mümkün qədər diqqətli, ayıq-sayıq olmalı, ətrafımızda baş verə biləcək terror aktlarına nəzarət etməliyik.
9. Azərbaycan Respublikasının bütün ərazisi üzrə tətbiq edilən komendant saatının təmin olunmasına riayət etməliyik.
Hər birimiz Ali Baş Komandanın müsəlləh əsgərləriyik. Düşmən bu mübarizədə bir daha şahid oldu ki, Azərbaycan xalqının birliyinə toxuna bilmədi. Minlərlə insanın yaşından və sosial statusundan asılı olmayaraq könüllü olaraq orduya yazılma faktı elə məhz qələbədən xəbər verir. Bəzən 30 gün 30 ilə bərabər olur…
Beynəlxalq arenada 30 il ərzində torpaqlarımızın işğaldan azad olunması həllini gözləyərkən Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordumuz 30 gün ərzində artıq 4 şəhər, 3 qəsəbə və 165 kəndi işğaldan azad etmişdir. Bununla da qüdrətli Azərbaycan dövləti öz əzmi və şücaəti ilə sübut etdi ki, işğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz. Ancaq, savaşla alınar! Bunu Cənab Prezidentimiz İlham Əliyevin sayəsində mütəmadi olaraq aldığımız qələbə xəbərləri ilə təsdiq edir və illərlə gözlədiyimiz qələbə sevincini yaşayırıq. Bizim yolumuz haqq yoludur və haqqa xidmət edəndə gücün də üzü gülür!
Azərbaycan xalqı heç zaman tarixini unutmur və unutdurmayacaqdır! Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi “Tarix heç nəyi silmir. Tarix həmişə hər şeyi öz yerinə qoyur.” Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Daima xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaqdır.
Bu gün Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən və çevik daxili və xarici siyasətini özünün siyasi kursu elan etmiş, Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı Cənab Prezident İlham Əliyev başda olmaqla Azərbaycan Ordusu və Azərbaycan xalqı birlik olub yeni tarix yazır! Mən əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə tezliklə Müzəffər Ordumuz Azərbaycanın 3 rəngli, şəhidlərin qanı ilə ucaldılmış bayrağımızı işğal altındakı bütün torpaqlara sancacaqdır! Yaşasın qüdrətli Ordumuz! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Yaşasın Şanlı Vətənimiz! QARABAĞ AZƏRBAYCANDIR!
KƏMALƏ ABBASOVA,
Hüquqşünas, sosial işçi, təlimçi