“Gənclərimiz Qərbi Azərbaycanı çox yaxşı tanımalıdılar” – Naqif Həmzəyevbackend

Qərbi Azərbaycan İcması bütün fəaliyyətini bir müddət öncə hazırladığı Qayıdış Konsepsiyasına uyğun həyata keçirir. Deputatın sözlərinə görə, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlılarla bağlı təfsilatlı, dəqiq siyahı hazırlanmaqdadır.

“Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları və ictimai fəallarla Qərbi Azərbaycan həqiqətlərinin həm ölkəmizdə, həm də əsasən xaricdə geniş təbliği ilə bağlı xüsusi işlər görməliyik.

“İcma tərəfindən bir çox beynəlxalq qurumun rəhbərliyinə, ölkə başçılarına müraciətlər ünvanlanıb. Yəni bu istiqamətdə mühüm işlər görülməkdədir. Gənclərimizin Qərbi Azərbaycanın tarixi, yer adları və soydaşlarımızın məruz qaldıqları ədalətsizliklə, hüquqsuzluqla bağlı məlumat sahibi olması üçün ciddi çalışmalar ortaya qoyulmalıdır. Gənclərimiz Qərbi Azərbaycanı çox yaxşı tanımalı və bütün imkanları ilə dünyaya tanıtmalıdırlar. Həmçinin Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə bağlı da öz töhfələrini verməlidirlər. Bu baxımdan İcma gənclər təşkilatları və könüllülərlə təmaslarını sıxlaşdırır. Yaxın dövrdə Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin də bu istiqamətdə gördüyü işlərin şahidi olacağıq. İnanırıq ki, hər bir gəncimiz Qərbi Azərbaycanla daha yaxından maraqlanacaq, öyrənəcək və qayıdış prosesinin sürətlənməsi üçün əlindən gələni əsirgəməyəcək”,- deyə o qeyd edib.