Türkiyədə “Haber Qlobal”da çalışan Azərbaycanlı aparıcı Nərmin Balayeva Azərbaycan tamaşaçısı üçün yeni imza deyil. Özünün sözlərinə görə isə əsil karyerasını Türkiyədə müəyyənləşdirə bilib.
Bizim.Media-ya müsahibəsində ölkə teleməkanından da danışan tanınmış sima bəzi incə mətləblərə də toxunub:
– Nərmin xanım, nə qədər vaxtdır Azərbaycandasınız və Bakı sizə yadlaşmayıb ki?
– 10 ildən çoxdur ki, Türkiyədə yaşayıram. Tez-tez gəlmək imkanım olmadığı üçün Azərbaycana ildə bir dəfə gəlirəm. Artıq bir aydır Bakıdayam. Bura gəlişim atamın vəfatı ilə əlaqədardır. Tezliklə Türkiyəyə və işlədiyim “Haber Global”dakı işimə qayıdacağam.
– “Haber Qlobal”dakı işlədiyinizi vurğuladınız. Oradakı işiniz tam olaraq nədən ibarətdir?
– Dörd ildir “Haber Global”da müxtəlif işlərdə çalışmışam. Hazırda “Poster” verilişinin aparıcısıyam, həmçinin də prodüser olaraq çalışıram. Ora mənə evim kimi doğmalaşıb. Vaxtımın böyük bir hissəsini orada keçirirəm və gördüyüm işdən böyük zövq alıram.
– Necə oldu ki, orada çalışmağa başladınız? Təklif sizdən, yoxsa qarşı tərəfdən gəldi?
– Mən Türkiyədə təhsil almışam. Marmara Universitetinin “Radio, Televiziya və Kino fakültəsi” üzrə üç illik magistr təhsilim var. Universiteti bitirdikdən sonra isə bir gün Məmməd Gülməmmədovla görüşdüm və o, mənə belə bir kanal açılacağını söylədi və məni də orada görmək istədiyini bildirdi. Düzü, 4 il öncə orada fəaliyyətə başlayanda ən aşağı işlərdən biri ilə başladım. Zamanla bilik və bacarıqlarımı artıraraq yüksəliş oldu. Aparıcı və prodüser kimi formalaşmağımda kanalımızın məşhur simalarından biri olan Erhan Ertürkdən aldığım fərdi dərslər mənə çox kömək etdi.
– Bəs oradakı maaşlar necə, sizi qane edirmi?
– Burada 4 il Aztv-də işləmişəm. Aztv–də qonorar sistemində işləyirdim və gəlirlərim indiki ilə müqayisədə çox aşağı idi. İndi isə demək olar ki, Haber Qlobalda aldığım maaş Türk vətəndaşının aldığı orta əmək haqqıdan xeyli yüksəkdir. Həmçinin qaldığım evin icarə haqqını və məni işə aparan maşının xərclərini də kanal qarşılayır.
– AzTV-də də işlədiyinizi söylədiniz. Oradakı işinizdən ayrılma səbəbiniz təkcə maaş idi yoxsa…?
– Orada da çox şey öyrənmişəm. Çox yaxşı təcrübələrim olub. O zaman biz qonorarla işləyirdik və normal qazancımızın olması üçün bir çox işlərdə işləməli olurduq. Bu isə öz növbəsində işimizin keyfiyyətinə təsir göstərirdi. Həmçinin Aztv-də azad rəqabət mühiti yox idi. Bu da ilk növbədə inkişafın qarşısını alırdı. İndi isə məncə, AzTv-də xeyli islahatlar aparılır. Xüsusən də Ranar bəyin rəhbərliyi ilə açılan yeni verilişlər keyfiyyət və quruluş baxımından əvvəlkilərdən daha üstündür.
AzTV-dən ayrılmağıma gəlincə, bunun üçün xüsusi bir səbəb olmayıb. Türkiyədə magistr təhsili almaq imkanı qazandım və işdən ayrıldım.
– Kifayət qədər gözəl və savadlı bir xanımı adətən qısqanan xanım həmkarları da az olmur. Bu kimi hallarla qarşılaşmamısınız ki?
– Şəxsi praktikamda bu cür hallarla çox qarşılaşmışam. Hətta bəzən subay olduğum üçün əks cinslə belə adıma söz-söhbət qoşmaqdan çəkinməyiblər. Mən isə onların heç birinə reaksiya vermədən işimə davam etmişəm. Mənim həyat devizim arxaya baxmamaqdır. Nə olursa olsun heç vaxt öz arzularımdan əl çəkməmişəm. Üzərində çalışdığım hər bir işin zamanla bəhrəsini görmüşəm. Sənətim üçün hətta şəxsi həyatımı da arxa plana ataraq yalnız işimlə məşqul olmuşam.
– Türk xanımlarının sizə yanaşmasında da qısqanclıq faktorlarlarını sezmisiniz?
– Olmayıb deyə bilmərəm. Nə Aztv-də, nə də “Haber Global”da adımı müxtəlif kişilərlə hallandırmalarına reaksiya verməmişəm. Adətən türk xanımları çox sadə olurlar və Azərbaycan xanımları baxımlı olduqları üçün onlarda qısqanclıq doğurur. Son illərdə isə Türk xanımları da özlərinə qarşı çox baxımlı və cazibədardırlar.
– Türkiyədəki kariyeranız uğurlu olmasa vətənə qayıdıb burada hansı kanalda işləmək istərdiniz?
– Hər şey ola bilər. Kariyeramı daha da irəli aparsam, gələcəkdə Britaniyadakı kanalların birində çalışmaq istərdim. Təbii ki 10 illik fəaliyyətimin sonunda Türkiyəni tərk edib geri dönmək istəməzdim. Yox əgər buna məcbur qalsam, böyük ehtimalla işləmək üçün İTV-ni seçərdim. Orada son günlərdə yayımlanan verilişləri və kanalın dinamikasını çox bəyənirəm.
– Sirr deyilsə, indi rəsmi olaraq hansı ölkənin vətəndaşısınız Türkiyə yoxsa Azərbaycan?
– Mən hələ də Azərbaycan vətəndaşıyam. Türk vətəndaşlığı almaq üçün müraciət etməmişəm, amma belə bir seçim imkanım olsa İsrail vətəndaşlığını seçərdim. O ölkəyə olan marağım sonsuzdur. Uşaqlıqdan Azərbaycanda yaşayan yəhudilərin əhatəsində böyümüşəm və onların xarakterlərini çox bəyənmişəm. Adətən söz-söhbətdən uzaq şəxsi inkişafa doğru köklənən insanlar olublar. Hətta bir ara Bakıda yəhudi dərnəklərinə də gedirdim.