“20 yaş üzəri gənclərin rəngli həyat yaşamağa meyilliliyi və gəncliyin yaratdığı emosional tətmin baxımından gənclər maddi imkanla bağlı olaraq müəyyən sıxıntılar yaşayırlar”.
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada psixoloq Tariyel Faziloğlu söyləyib.
Psixoloq vurğulayıb ki, bu yaş kateqoriyasında istədiyi həyat tərzini sürə bilməyən gənclərdə bunları edən həmyaşıdlarına qarşı neqativ düşüncələr baş qaldırır:
“Klassik filmlərin mövzularını da əsasən bu yaş kateqoriyasında olan gənclərin sevgi münasibətləri təşkil edir. Dəbdəbəli həyat tərzi keçirən qızlar adətən kasıb oğlanlarla münasibətə isti yanaşmırlar. Çünki bilirlər ki, o oğlanla ailə qurduqları zaman arzu etdikləri həyatı yaşaya bilməyəcəklər. Əksinə olaraq isə bu yaşdakı maddi baxımdan zəif təminatlı ailələrin qızları, yaşayış səviyyəsi daha yüksək oğlanlarla münasibətə meyl göstərirlər. Yaxud da, kasıb bir qızı hər iki təbəqədən oğlan sevirsə, qız maddi təminatı daha üstün olan oğlanı seçir.
Əksər hallarda bu məsələ vacib sosial faktordur. Hətta elə olur ki, gənc qız sırf maddiyyatın ucbatından yaşlı kişini seçir, çünki artıq bəlli bir yaşa çatmış kişi maddi cəhətdən təmin olunmuş, qazanmağın yolunu bilən olur. Burada başqa faktor, yaşlanmış oğlanın eyş-işrətdən yavaş-yavaş uzaqlaşaraq ailə dəyərlərinə üstünlük verməsi də rol oynayır. Atalarda belə bir söz də var axı: “Cavana gedən yumruq, qocaya gedən quyruq yeyər”.
Psixoloq ona görə də hesab edir ki, erkən gənclik dövrü keçirən insanların aqressiyası da bir növ sosial sifariş halı alır. Onların gözləntiləri ilə imkanları üst-üstə düşmədiyindən ətrafda varlı yaşıdlarına qıcıq olurlar:
“Gözlənti və imkanlar arasındakı fərq çox olan zaman gənclərdə “bədbəxtlik sindromu” daha da güclənir. Özündə olmayan maddi imkanı yaxınlığındakı digər bir gəncdə görənlərdə ona qarşı istər istəməz aqressiya yaranır. Gənclər arasındakı bu aqressiv dalğalanmalar əslində normal sayılır. 20 yaş civarı gənclərin həyatında ən çox səhv etdikləri dönəmdir və həyatlarının ən böyük travmalarını da gənclər məhz bu dövrdə alırlar. Belə psixoloji travmalar, görünməyən, ağrısı olmayan, çox təhlükəli travmalardır. 20 yaşında qazanılan travmalar ömür boyu insan həyatına təsir edir”.
“30 yaş sindromu” haqqında da danışan psixoloq, bu yaş dövründə insanların depressiyyalara daha çox meylləndikləri qənaətindədir:
“Bu yaşda insanlar 20-li yaş dövrlərində buraxdıqları səhvlərin fərqində olurlar. Ümumiyyətlə, 30 yaş yetişkənlik dövrü sayılır. İnsanlar əvvəllər buraxdıqları xətaların fərqinə varıb daha depressiv olurlar.
Psixologiyada “30 yaş sindromu” deyilən dönəm xeyli məşhurdur. Əslində insanlar doğulandan 20 yaşa qədər “mən” duyğusunu formalaşdırırlar. 20 yaşda artıq “mən varam” deyərək edə bildikləri səhvlərin ən çoxunu edirlər. 30 yaşında isə bu yaşa kimi buraxdığı səhvləri düzəltməyə başlayırlar. Bu dönəm 34-35 yaşa kimi davam edir və artıq 35 yaşdan sonra həyat başlayır”.