“Kişi-kişi ilə nə qədər öpüşüb, görüşər?!” – Rəşid Mahmudovbackend

“Kişi qadınla öpüşsə, başa düşüləndir, gün ərzində kişi-kişi ilə nə qədər öpüşüb görüşər? Karantin dövründə isə “Sosial məsafəyə riayət edin!” deyilib. Riayət edilmədiyi müddətcə, əlbəttə ki, virus daha da yayılacaq”.

“Yeni Gündəm” xəbər verir ki, bunu oxu.az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirus pandemiyasının ikinci dalğasının başlanması ehtimalını şərh edərkən bildirib.

O bildirib ki, bu virus insan orqanizmindən kənarda 3-5 dəqiqədən artıq yaşaya bilməz:

“Virus insan orqanizminə yalnız tənəffüs yolları vasitəsilə düşür. Bu, məlum məsələdir. Nəzərə alın ki, virusun uzun müddət açıq havada yaşaması və çoxalması üçün şərait yoxdur. Onun insan orqanizmindən kənarda mövcud olma müddəti 3-5 dəqiqədən artıq deyil. Çünki, günəşin ultra və infra-qırmızı şüaları virusu məhv edir.

Amma insanlar məsafə saxlamaq yerinə, ictimai yerlərdə daha da sıx toplaşırlar.

Qapalı şəraitdə isə virusun yaşama müddəti bir qədər çox ola bilir. Xəstə insan asqıran zaman virus ətrafa yayıla, əlini hər hansı əşyaya vurduğu zaman virus ora düşə bilir. Məsələn, gün ərzində bir binanın pilləkənindən, liftindən nə qədər insan istifadə edir? Birində o virus varsa, asqırıb-öskürəndə, əlini harasa vuranda, virus onun toxunduğu yerdə qalır. Növbəti adam o yerə toxundu və əlini ağzına, burnuna, gözünə vurdusa, bitdi. Virusa yoluxacaq. Maska, əlcək taxın deyəndə, həkimlərə lağ etmək lazım deyil”.

R.Mahmudov koronavirus pandemiyasının ikinci dalğası ilə bağlı məsələyə də münasibət bildirib:

“İnsanlar gigiyena qaydalarına laqeyd münasibət bəsləsələr, bu xəstəlik bir ilə qədər uzana bilər. Bu virus özü 60 dərəcəyə qədər istiyə dözə bilir. İsti hava şəraiti, günəşin ultra və infra-qırmızı şüaları virusun inkişafını ləngidə, hətta məhv edə bilər. Bir ay bundan qabaq çıxışımda bu məqama toxunmuşam, amma, bəzi insanlar bu ifadəmi də yanlış istiqamətlərə çəkir. Bu amili vurğulamışam, amma havanı biz idarə edə bilmirik.

Virusun ancaq ağciyərləri məhv etdiyini düşünənlər var. Bu virus təkcə ağciyərləri yox, eyni zamanda qaraciyəri, sinir sistemini də sıradan çıxarır. Çox axmaq xəstəlikdir. Kiməsə, nəyəsə görə yox, insan özünə görə təmizliyə riayət etməlidir ki, xəstələnməsin. Çünki bu virus immuniteti zəif insanlarda psixoloji problemlər də yarada bilir. Ümid edək ki, yoluxmaların sayı artmayacaq. Amma bu pandemiyanın bir yaxşı cəhəti o oldu ki, insanların çoxunda mədəniyyət, təmizlik normalarına riayət etmə vərdişləri formalaşdı”.