Koronavirus !
Xəstəlik yoxsa bir ömürlük dərs
Dünyanı cənginə alan Koronavirus!
Sənə nə ad verim bilmirəm. Çağrılmamış qonaq, qəfil bəla, gözlənilməyən hadisə, faciə, yoxsa fəlakət. Hamı kimi mənim də qəlbimə narahatçılıq saldın. Həmişə pozitiv, nikbin olan məni də ruhdan sala bildin. Bir anlıq gözümün qarşısına uzaqda və yaxında olan doğmalarım, yaxınlarım, dost, tanışlarım gəldi. Özümdən çox onları düşündüm. Sağlamlığı təhlükə qarşısında qalanlar, qaynar, coşqun həyat tərzindən məhrum olanlar, bağlı qalan obyekt qapıları, iş yerləri, hər səhər çörək pulu üçün evdən çıxan qolu, dizi yorğun olanlar, evə qapanmış milyonlarla insanlar gözlərim qarşısında dayandılar və gözlərimdən qəlbimə köçdülər, orada məskən saldılar. Hər dəfə qazanımı ocağa qoyanda, süfrəmi açanda “Görəsən bu gün hamının qazanı qaynadımı? Bu gün hamı çörək tapdımı” deyə suallar qəlbimi didib parçaladı. Əlim çatana əl uzatdım, kömək göstərdim. Çatmayana isə dualar etdım. Qəlbim beləcə rahatlıq tapdı.
Atalar sözləri mənim həyat amalıdır. Hər dəfə çətinə, dara düşəndə köməyimə çatan aman- guman yerimdir. Atalarımızın “Hər pis işdə, bir xeyir var” sözü bu məqamda qəlbimi ovutdu. Bu sözü tez- tez ürəyimdə, dilimdə söylədim.
Koronavirus! Pis olan səndə bir xeyir axtarmağa başladım. Deyirlər zaman ən yaxşı təbibdir axı. Və zamanla başa düşdüm, anladım ki, sən xəstəlik olmaqla yanaşı, o cümlədən, uca Rəbbim tərəfindən bizə göndərilən bir imtahan və bir sınaqsan. Heç ağlıma da gəlməzdi ki, çox keçməyəcək mən sənə təşəkkür, minnətdarlıq edəcəm. Bizi bizə bir daha yaxından tanıtdığın və bizi vicdanımızla üz- üzə, baş- başa qoyduğun, bir çox mətləblərə aydınlıq gətirdiyin, qaranlıqlara işıq saldığın üçün.
Koronavirus! Sən bizə bir daha sübut etdin ki, İnsan çox dəyərli və qiymətli varlıqdır. Həyat isə mübarızə meydanıdır. Xariçi dövlətdə yaşamaq arzumuzun mənasız həvəs olduğunu bildik. Sən demə ən gözəl Ölkə bizim və biz ən gözəl ölkədə yaşayırmışıq. Sən bizə bir daha sübut etdin ki, bizi qoruyan, düşünən, qayğımıza qalan dövlətimiz, Dövlət Başçımız var. Biz səfil həyatı keçirdib, yolda, küçələrdə sahibsiz ölən millətlərdən deyilik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidentiyəm” sözünün mənasını bir daha anlatdın və bu dərin mənalı söz özünü sübüt etdi. İlham Əliyev öz vətəndaşlarını qorumaq, qayğısına qalmaq məqsədilə əlindən gələni etdi. Digər ölkə başçılarından fərqlı olaraq ilk növbədə sərhədlərini bağladı. Gənc nəsli xəstəlikdən qorumaq məqsədilə körpələr evi uşaq baxçalarını, ali və orta ümumtəhsil məktəblərini, dövlət və qeyri dövlət idarə və müəssisələrinin, (əmək haqqlarının saxlanılması və ödənilməsilə) içtimai iaşə obyektlərinin fəaliyyətini müəyyən müddətə dayandırılması barədə sərəncam imzaladı. Azərbaycanın Birinci Xanımı, el Anası Mehriban Əliyeva bir ana, bacı, nənə kimi ölkə vətəndaşlarına müraciət edərək evdə qalmalarını, özlərini və yaxınlarını qorumağı xahiş etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi. Onların bu xeyirxah addımları hər bir Azərbaycan vətəndaşına örnək oldu. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən başladılan bu könüllü təşəbbüsə qoşularaq xalqımız əsl həmrəylik nümayiş etdirdi. Hamı bir nəfər kimi, bir nəfər hamı kimi yardım etmək üçün ünvan axtardı, qapı döydü. İmkansız, aztəminatlı ailələr, tənha insanlar, diqqət və qayğı ilə əhatə olundu.
Koronavirus! Qəlbimizdəki insanlıq, sevgi, məhəbbət və mərhəmət hisslərini sən bir daha oyatdın. “Biz birlikdə güclüyük” şuarı ilə xalqımız əl-ələ verib, çiyin – çiyinə dayana bilməsə də, bir oldu, həmrəy oldu. Azərbaycan həkimləri, tibb işçiləri, Daxili İşlər Nazirliyinin, Sərhəd Qoşunlarının əməkdaşları gündüzü gecəyə, gecəni gündüzə qatıb çalışaraq bizim keşiyimizi çəkdilər, qayğımıza qaldılar. Belə hörmətli, dəyərli olduğumuzu bilmirdik axı. Bunları səndən öyrəndik.
Koronavirus! Sənə qarşı ciddi mübarizə tədbirləri görüldüyü bir vaxtda yersiz qalmaqal yaradan insanlar da tapıldı. Sosial şəbəkələrdə, facebook səifələrində saxta profillər açaraq dövlətimizin və dövlət məmurlarımızın məqsədyönlü fəaliyyətinə ləkə yaxmaq, kölgə salmaq niyyətində olanlar da oldu. Öz üzərinə düşən işin məsuliyyətini hiss etmək, öhdəsindən gəlməyə çalışmaq, xeyirxah işlərə, aksiyalara qoşulmaq əvəzinə, şər və böhtan xarakterli əsassız yazılara, qeyri real fikirlərə də rast gəldik. Bu bizi bir qədər ruhdan salanda “ doğrudanmı bizə düşmən lazım deyil?” sualı baş qaldırdı qəlbimizdə.
Koronavirus! Sən yaddan çıxdın içimizdəki virusları axtarmağa çalışdıq. Sənin adın, ünvanın bəllidir. Sən mərd bir düşmən kimi çıxdın meydana. Onlar isə saxta ad arxasında gizlənməyə çalışdılar. Nə qədər gizlənsələr də ünvanlarını tapdıq, lakin onlara nə ad verəcəyimizi bilmədik. Biz bu “adamların” insanlığa yaraşmayan nankorluqlarının, nadanlıqlarının şahidi olduq.
Koronavirus! Sən bizə kimləri tanıtmadın ki ?! Böyük bir ticarət mərkəzinin sahibi varını birə min artırmaq fikrinə düşməsini də gördük. Ərzaqı anbarda gizlədib dolabları boş qoyan, on qəpiyi qənimət bilib qiymətləri süni şəkildə artıran sahibkara da rast gəldik. Kiçik bir dükan sahibinin isə qapısını geniş açaraq pulsuz çörək, ərzaq payladığının şahidi də olduq. Sənin sayəndə geniş qəlbli gözəl insanları, dar düşüncəli nadanları da tanıdıq.
Koronavirus! Sən Vətən həsrətinin nə olduğunu, doğmalarının üzünü, əzizlərinin qəbrini ziyarət edə bilməyənlərin nələr çəkdiyini yaşatdın bizə. “Getməyəcəksən, toxuna, sarıla bilməyəcəksən” – dedin. Böyüyüb boya – başa çatdığımız doğma şəhərimiz, özümüzünki saydığımız küçəmiz, yolumuz, izimiz, hər cığırımız sən demə bu qədər əlçatmaz, ünyetməz ola bilərmiş. Sən demə əlimizdəki bir top açar evin bir küncündə yararsız bir əşya kimi boynu bükük dayanarmış. Halbu ki, vaxtıilə bu açarlar əldən yerə düşməz idi. İş yeri və obyektlərin, maşınların və evlərin qapılarını açıb – bağlayardı.
Koronovirus! Hər gün həyatından, taleyindən şikayət edənlərə, aza qane olmayıb tamahına, nəfsinə gücü çatmayana da yaxşıca dərs verdin. Gözəl günü – güzaranı olub, daha yaxşısını axtaranlara, israfçılara, bədxərclərə qənaət etməyi öyrətdın. “Allaha həmd et, olanına,varına şükr et” – dedin.
Koronavirus! Sən toyları dayandırmaqla, boşanmaları, dağılmaq təhlükəsi olan ailələrin də planlarını pozdun. Sən can da aldın, lakin neçə canları da qəzadan, bəladan xilas etdin. Sən vəzifəsindən və işindən aslı olmayaraq hamını vahid bir qanuna tabe etdin. “Evdə qal, evdə qal !”- əmrini verdin. Bəlkə də düşünmək , götür – qoy etmək üçün zamana ehtiyacımız vardı. Sən bizə zaman verdin. Bəs nədən biz bunu sənin gəlişindən sonra başa düşdük? Bütün bunları anlamaq, dərk etmək üçün sən bu qədərmi vacib idin bizə? Doğrudanmı düşünməyə, vaxtımız yox idi? Doğrudanmı geniş inkişaf etmiş bu müasir dünyada, günü – gündən gözəlləşən həyatda insanlığın, mənəviyyatın ölüm təhlükəsi vardı.
Koronavirus ! Sən bizi – bizə qaytardın. Sən bizə bir ömürlük dərs verdin. Bəli, yenə də sən haqqlısan, doğru söylədin, əlbəttə ki, başa düşüb anlayana.
Xuraman Yusif
GOYEZENqəzetinin və Ağstafa MKS-nin Xətai kənd kitabxana filialının əməkdaşı