Medianın İnkişafı Agentliyinin “MediaLab” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin II kurs tələbələrinə “Onlayn medianın hüquqi tənzimlənməsi” mövzusunda master-klass keçirilib.
“Yeni Gundem” xəbər verir ki, MEDİA Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda onlayn medianın hazırkı vəziyyəti, statusu, informasiya təhlükəsizliyindən danışıb. “Media haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını şərh edən Natiq Məmmədli, qanunun jurnalistlərin fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb, medianın bugünkü problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparıb.
Sonda interaktiv müzakirə sessiyaları olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.