“Təhsil nazirinə yeni bir təklif:
Ya direktorların işə qəbul müsabiqəsini ləğv edin, ya da 40 yaşdan aşağı namizədlər həmin müsabiqəyə buraxılmasın.
Səbəblərini də izah edəcəm.”
Bu statusum həm şəxsi profil səhifəmdə, həm də Təhsil Forumu 2020 qrupunda geniş müzakirəyə səbəb oldu. Mənim fikrimlə həmrəy olanlarla yanaşı, alternativ fikir söyləyənlər də oldu. Bu köşə yazımla həmin fikrimin geniş açıqlamasın vermək istəyirəm.
İlk öncə onu qeyd edim ki, 30-35 yaşda icra başçısı da olmaq olar, nazir də olmaq olar. Ancaq məktəb direktoru vəzifəsinin mahiyyəti tamam başqadı. Məktəb direktorlarının əsəbi tam yerində olmalı, psixologiyasında heç bir gərginlik olmamalı, müdrik qərarlar qəbul etməyi bacarmalı, tabeçiliyində olan işçiləri və valideyinləri səbrlə, təmkinlə dinləməyi bacarmalıdı. Ancaq müasir dövürdə gənc məktəb direktorlarının tam əksəriyyətin (əsas xanımların) əsəbləri yerində deyil, daima gərginlik içində olurlar. Nədir bunun səbəbi..?
Gənc xanım DİQ-na hazırlaşır, hətta yaşıdlarından geri qalmamaq pirinsipi ilə özünə cəfa verərək tələb olunan balı toplayır, bəzənsə ona olunan köməkçi əllərin sayəsində olur məktəb direktoru. Həyat tərcübəsi az olan, bu dünyanın bərkində, boşunda sınaqdan keçməyən bir gənc xanım üçün bir tərəfdən rəhbər vəzifə, bir tərəfdən yeni qurulan ailənin, körpə övladın qayğısı, məişət problemləri, bir az da yaraşıqlı oldusa həyat yoldaşının qısqanclığı, ətrafındakı kişilərin ona məkirli baxışları, qadınların paxıllıq hissləri, yerli icra hakimiyyəti orqanının, Təhsil Nazirliyinin bəzi əməkdaşlarının üzərində hiss etdiyi təsir, nəzarət və digər kənar müdaxilələr, istər-istəməz gənc xanımda möhkəm gərginlik yaradır. Bu gərginliklər bəzən onu usandırır və ərizə yazıb vəzifəsindən getmək istəyir. Ancaq, “ata minmək bir ayıb, düşmək min ayıb” deyib fikrindən daşınır. Çox keçmirki, gənc direktorda əsəb pozğunluğu, pisixoloji gərginlik əmələ gəlir. Nəticədə daxili orqanlarında müxtəlif xəstəliklər, çox hallarda isə linfa vəzlərinin genişlənməsi (ZOB) kimi arzuolmaz xəstəliklər əmələ gəlir. İnsan tam olaraq öz ayaqları üzərində dayanmağı bacarmadığı yaş dövründə bu ağır yükləri zəif çiyinlərini verdikdə, o çiyinlər bu yükə tab gətirə bilmir.
İkinci amil isə, məktəb direktoru mütləq və mütləq ziyalı pirinsiplərinə söykənməlidi. Öz ziyası ilə böyüməkdə olan gənclərə yol göstərməli, ziyalı mövqeyi ilə seçilməli, müstəqil fikrə, azad düşüncəyə sahib olmalıdı. Məktəb direktoru ziyalı olmalıdı. Ziyalı isə öz müstəqil fikirləri ilə cəmiyyətə nümunə olmalıdı.
Müasir dövrümüzün gənc məktəb direktorlarının böyük əksəriyyətinin isə, müstəqil fikrinə rast gəlmək mümkün deyil. Sosial şəbəkələrdə izlədiyim gənc məktəb direktorlarının əksəriyyətinin hər hansı bir fikrinə rast gələ bilmirəm.
Ya hər hansı bir filosofun, dünya miqyaslı fikir adamlarının sözlərini paylaşırlar. Çox hallarda isə cənab ölkə prezidentinin, ailə üzvlərinin, təhsil nazirinin və keçmiş təhsil nazirlərinin şəkillərini paylaşırlar. Hazırki təhsil naziri, keçmiş təhsil nazirləri ilə bağlı rəsmi saytlarda nə paylaşılırsa dərhal o xəbəri paylaşılır, həmçinin yerli icra başçıları və təhsil şöbəsi müdirinin paylaşımlarını da paylaşmağa məhkumdular. Bundan başqa isə Təhsil Nazirliyinin bəzi əməkdaşları paylaşdıqları statuslar həmin tipli direktorlar tərəfindən layk edilir. Hətta həmin məktəb direktoru həmin statusda söyülsə belə… Yəni robort fəaliyyət.
Cəmiyyətdə baş verən hadisələrə özəl münasibət bildirmək, fikir yazmağa demək olar ki, əksər gənc direktorların profillərində rast gəlmək mümkün deyil. Fikrimi kankret fakla, tamamlayım.
Bu ilin aprel ayında miss Durdanə adlı səviyyəsiz birisi məcburi köçkünlərə təhqiredici ifadələr bildirmişdi. Gənc məktəb direktorlarının, xüsusi ilə köçkün məktəb direktorlarının profillərini gözdən keçirtdim. Ümid edirdim ki, həmin miss Durdanənin tutarlı cavabı veriləcək. Ancaq, təəsüflər olsun ki, tək bir gənc direktordan şillə kimi cavab gördüm. Nümunə kimi o gənc direktorun adını qeyd etməyi düşünürəm.
Bu cəsarətli gənc direktor Bakıda fəaliyyət göstərən 23 saylı Kəlbəcər rayon köçkün orta məktəbinin direktoru Həqiqət xanım Şükürova idi. Bu gənc direktordan başqa köçkün şagirdlərin hesabına vəzifə tutan, pul qazanan heç bir direktordan cavab görmədim.
Yeri gəldikdə kiməsə cavab verməyə cəsarəti çatmayan, ancaq vəzifəli şəxslərin paylaşmalarını gözüyumulu layk edən, şəxsi profillərində şəkil paylaşmaqla öz işini bitmiş hesab edən gənc direktor təhsilimizə hansı töhfə verə bilər? Ziyalılıq mövqeyi nümayiş etdirməyə özündə cəsarət tapmayan gənc məktəb direktoru gənc nəslə necə nümunə ola bilər?
Fikrimi daha geniş formada açıqlaya da bilərdim, ancaq oxucuların zamanın çox almaq istəmirəm.
Hələlik bu qədər… Başqa nuanslara hələlik toxunmuram…