NİZAMİ İLİ: XARIBÜLBÜL VƏ VAQİF GÜNLƏRİ…backend

(MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın məqaləsini təqdim edirik.)

Şuşa – könlümüzün paytaxtıydı, artıq rəsmən mədəniyyətimizin paytaxtı oldu!
“Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir. Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıbdır”.
İlham ƏLİYEV, Azərbaycan Prezidenti
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə bağlı videoformatda qəbul etdi, yeni Mədəniyyət nazirinə bir sıra vacib tövsiyyə, tapşırıq və göstərişlər verdi. Cənab Prezidentin nitqi yalnız bir nazirlik çərçivəsində qalmayıb, ümumən yeni dövrün gerçəkliklərinin, imkan və çağırışlarının dövlət mədəniyyət siyasətində inkası ilə, ölkəmizin uyğunprofilli bütün qurum və quruluşlarının, mədəniyyət, incəsənət xadimlərinin, yeni nəsil yaradıcı vətəndaşlarımızın qarşısında duran mühüm vəzifələrlə əlaqəlidir. Bu vəzifələrin bir qismi mənəvi məsuliyyət, mənəvi öhdəlik yaratmış ola bilər, lakin söhbət mədəniyyətdən və ölkə başçısının tövsiyyələrindən, tapşırıqlarından getdiyi üçün biz mənəvi məsuliyyətimizi hüquqi məsuliyyət kateqoriyasından ayırmırıq. Əlbəttə, bu planda, Şuşa başda olmaqla, işğal altındakı torpaqlarımızın azad olunması ilə bağlı yeni imkan və gerçəkliklər, təxirəsalınmaz işlər bizi xüsusi diqqətə dəvət edir, əməli fəaliyyətə kökləyir.
Dövlət başçısının xəlqi keyfiyyətlərimiz, milli kimliyimiz, mədəni irsimiz, ədəbiyyatımız, incəsənətimiz, dövlət dilimiz və başqa mədəni varlığımız, mədəniyyət hadisələrimiz haqqında tarixi fikirləri yolgöstəricidir. Cənab Prezidentin Mədəniyyət nazirini qəbulda etdiyi nitq, mədəniyyət sahəsinin təmsilçiləri, bu sahədə çalışan rəhbər şəxslər üçün rəhbər sənəd dəyərindədir. Şəxsən mən belə düşünür, belə qəbul edirəm. Hesab edirəm ki, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvləri də mənim bu fikrimi bölüşür və biz də qanunverici orqanın Mədəniyyət Komitəsi olaraq, gələcək fəaliyyətimizdə Prezidentin nitqindən irəli gələn məsələlərə öz əməli çalışmalarımızla cavab verməliyik.
Cənab Prezidentin dövlət dilinin qorunub saxlanması ilə bağlı dediyi fikirlər, mövcud mənzərəni, problemləri dəqiq ifadə edir. Dövlət başçısının dediyi kimi, “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” və bizlərin məsuliyyəti yalnız özümüz, çalışdığımız kollektiv, yaşadığımız şəhər və hətta, respublika ilə sınırlanmır; biz dünyanın dörd tərəfində, əskəriyyəti öz dədə-baba torpaqlarında yaşayan soydaşlarımızın doğma dili ilə bağlı mənəvi məsuliyyətə, qayğılara sahibik. Deməli, ilk növbədə Azərbaycan Respublikasında, özəlliklə yeni mediada, TV və radiolarda, dövlət dilinə öz nümunəvi münasibətimizlə dünya azərbaycanlılarına örnək yaratmalıyıq.
Nəzərə alsaq ki, dövlət başçısı 2021-ci ili NİZAMİ İli elan edib, bu, 2021-ci il boyu yalnız Nizami Gəncəvi irsi ilə bağlı deyil, ümumən ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlı hesabatlılıq ili kimi dəyərləndirə bilərik. Bu ilə özəl olaraq həyata keçiriləcək fəaliyyətlər ictimai platformadan, yaradıcı insanlardan, ilk növbədə şair-yazıçı və ədəbiyyatşünaslardan özünəməxsus iştirak, töhfə və dəstək tələb edir. Əsl ədəbiyyat adamının yaradıcılığı isə ilk növbədə dil hadisəsi olması ilə, dilə yeniliklər gətirməsi, sözlərə yeni anlamlar qazandırması, daha ümumi şəkildə desək, dilin, bədii təfəkkürümüzün zənginləşməsinə xidmətlə ölçülür. Ədəbiyyat adamları, yaradıcı insanlar dilin zənginləşməsinə xüsusi töhfə verə bilməsə, heç olmasa, onun korlanmasından uzaq durmalı, sənətin estetik dəyərlərini zədələməməlidir…
44 günlük Vətən Müharibəsi bizə bir çox həqiqətləri dünyaya nümayiş etdirmək
imkanı qazandırıb. Bu imkan, dövlətimizin uzun illər boyu bütün mümkün platformalarda, ikitərəfli, çoxtərəfli görüş-müzakirələrdə səsləndirdiyi, tələb etdiyi məsələləri də ehtiva edir. Beləki 30 ilə yaxın işğal altında tutulmuş ərazilərimizdəki tarix-mədəniyyət abidələrimizin faktiki durumunu öyrənməkçün Azərbaycan Respublikasının əlaqədar beynəlxalq qurumlardan faktaraşdırıcı missiya xahişi, tələbi ən müxtəlif bəhanələrlə müsbət cavablandırlmamış, bu da işğalçının daha çox dağıntı ilə məşğul olmasına münbit ortam yaratmışdır.
İndi cənab Prezidentin beynəlxalq qurumlar qarşısında qoyduğu konkret sual və tələb var:
“İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözünüzü baxın nə günə salıblar ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik”.
Prezidentin dediyi kimi, “belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz qoya bilməmək” isə həqiqət öz yerini alanadək çalışmaqdan ibarətdir. Biz əlbəttə, haqlıyıq, işimiz haqq işidir – müharibə apararkən də haqlıydıq, indi mədəni irsimizin qayğısına qalarkən də haqlıyıq. Özü də, bu haqlılığımızı haqsız iradlar, yersiz iddialar qarşılığında sübut etmə, müdafiə etmə durumundayıq. Öz çirkin niyyətlərini, islamafob davranışlarını Ermənistan üzərindən, ermənilər üzərində həyata keçirmək istəyən bəzi Qərb dairələri bu zərərli zehniyyətdən əl çəkməlidir. Ermənistanın siyasi-hərbi rəhbərliyinin, beyni zəhrlənmiş erməni cəmiyyətinin pislikləri özlərinə də yetər, onlara himayədarlıq edənlərə də…
İndi məntiqli sual qarşısında ikiüzlülüyü, ikili standart mərəzinə tutulması açıq-aydın görünənlər ya beynəlxlaq humanitar platformalardan, mədəni-hüquqi mübadilə meydanından və ictimai-siyasi fəaliyyət müstəvisindən çəkilməli, daşıdığı mandatdan imtina etməli ya da yanlışlarını etiraf etməlidir. Belə çıxır ki bir çoxları Azərbaycanın Vətən Müharibəsindən öncəki “status-kvo”nun hələ uzun illər boyu qüvvədə qalacağını gözləyərək, özlərini bu bədnam “perspektiv”ə inandırıbmış. Azərbaycan Dəmir Yumruğu bədnam siyasət pərdələrini yırtmışdır.
Hərbçilərimizin hərb meydanında etdiyi fədakarlığı mədəniyyətimizin, incəsənətimizin əsgərləri öz fədakarlığı ilə mübarizəni davam etdirməlidir.
Artıq dost da, düşmən də, Qafqazın incisi, Azərbaycanın, yaxın coğrafiyanın mədəniyyət paytaxtı Şuşada düzənlənəcək “Xarı Bülbül” Festivalına, “Vaqif Pioeziya Günləri”nə hazırlaqlarla tanış olacaq, o gözəl festivallarda üzə çıxacaq gənc istedadların səsi dünyanın dörd yanından gələcək, Vaqifin ruhu şad olacaq, dünya Azərbaycan xalqının istedadına bir daha şahid olacaq. Təsəvvür edin: Azərbaycanda NİZAMİ İli, Azərbaycanın ürəyi Şuşada VAQİF Poeziya Günləri! Xarı bülbül öz həsrətinə son qoyur…
Şuşanı Şuşa edən bizim xalqdır. Şuşa – Azərbaycandır!
Siyasi paytaxtımız Bakıdan mədəniyyət paytaxtımız Şuşaya salam olsun!