Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanovun “xalaqızı, bibiqızı” ilə “Watshapp”da danışmaq olmaz fikri sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib.
Belə ki, izləyicilər bu fikirlə razılaşmayaraq, onu tənqid atəşinə tutublar. Məsələ barədə Qamət Süleymanov özü Lent.az-a açıqlama verib.
O bildirib ki, söylədiyi fikir İslam qaydalarına əsaslanır və bu dindən xəbərsiz olanlara qəribə gəlir:
Qurani-Kərimin Əhzab surəsiin 50-ci ayəsində bu barədə qeyd olunub. Naməhrəm sayıldıqları üçün həmin qohumlarla evlənmək olar. Bu səbəbdən də qaydalar var ki, onlarla müəyyən məsafə saxlanılmalı, açıq-aşkar əlaqə saxlanılmamalıdır. Mən də məhz fikrimi bu mənada demişəm. Yəni, ehtiyatlı olmaq, belə məsələlərə diqqət etmək lazımdır. Ola bilər mənim bu sözüm dindən xəbəri olmayanlara qəribə gəlsin. Belə bir hədis də var ki, əgər naməhrəm qadınla kişi bir yerdədirsə, üçüncüsü şeytandır. Watshapp-da da, həmçinin, bu qaydada əlaqə saxlamaq olmaz. Çoxu belə düşünür ki, sosial şəbəkədir kimsə görməyəcək. Xüsusən də, qeyd etdiyimiz cavan qohumlar nə qədər bir-birindən məsafə saxlasalar gözəldir. Mən də fikrimi bu baxımdan demişəm. Bu İslamda da belədir. Bu qayda savadsız, dini bilməyən adamlara ola bilər ki, qəribə gəlir. Onlar dindən xəbərsiz olduqları üçün belə şeyləri ilk dəfə eşidəndə onlara qeyri-adi gəlir. Bu açıq-aşkar savadsızlıqdan irəli gəlir. Nə deyim, Allah köməkləri olsun. Tövsiyə edirəm ki, dinlərin öyrənsinlər, məlumatlı olsunlar”.