“Biz hazırda dövlət tapşırıqlarını yerinə yetiririk, əsas işimiz kommunikasiya xətləri keçən ərazilərin minalardan təmizlənməsidir”. Bunu “BBC News Rusca”ya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təmizləmə üzrə əməliyyat meneceri Mədəd Məmmədov deyib.
O bildirib ki, avtomobil, dəmir yolları, elektrik, qaz xətlərinin çəkilişi kimi işlər üçün əraziləri minadan təmizləyirlər.
M.Məmmədovun sözlərinə görə, Ermənistan 27 il işğal dövründə ərazilərdə ciddi sayda mina döşəyib, ən çox da keçmiş təmas xətti küllü miqdarda minalanıb:
“Ərazinin bu dərəcədə minalanması kommunikasiya xəttinin keçidini mürəkkəbləşdirir. Bizə uzun müddət lazım gəlir ki, müəyyən keçidləri açaq və buna da xeyli qüvvə sərf edirik. Minalanmış sahələrdən keçidləri texnikalardan və canlı qüvvələrdən istifadə etməklə açırıq”.
30 metr enində, düz Şuşaya qədər…
Mədəd Məmmədov əlavə edib ki, Füzuli rayonunun Şirbəyli kəndi ərazisindən Şuşa şəhərinə qədər yeni çəkilən elektrik xətti üçün təxminən 30 metr enində keçid xətti açmaqla ərazini birbaşa Şuşaya kimi təmizləyiblər. O həmin ərazilərdən partlamamış hərbi sursatlar, raketlər, raketlərin daşıdığı qadağan olunmuş bombacıqlar tapıldığını deyir.
Ərazilərin təmizləmə işlərinin nə qədər müddət çəkəcəyinə gəldikdə isə Mədəd Məmmədova görə, əvvəlcə minalanma faizi müəyyənləşdirilməlidir.
“Ərazilərin minalanma faizləri dəqiqləşdirilməlidir və biz bilməliyik ki, neçə faiz ərazi minalanmış sahədir, nə qədər ərazi sursatlarla çirklənmiş sahədir. Hazırda minatəmizləmə ilə bağlı xaricdən qüvvələr gətirilir. ANAMA da hazırda texnologiyaların bu işlərə qoşulması ilə məşğuldur. Bütün ərazilərin minalardan təmizlənməsi müddəti Azərbaycana gələcək qüvvələrdən və o qüvvələrin nə qədərinin işə cəlb olunacağından asılıdır. Ondan sonra bilmək olar ki, ərazi nə qədər müddətə təmizlənib qurtara bilər”, – Mədəd Məmmədov deyib.
“Ağdamın da, Füzulinin də minalanma təhlükəlilik dərəcəsi eynidir”
Onun sözlərinə görə, işğal altında olmuş yaşayış məntəqələrinin, məsələn – Ağdamın da, Füzulinin də minalanma, təhlükəlilik dərəcələri demək olar ki eyni olsa da, müxtəlif yerlərin təmizlənməsi fərqli müddətə başa gəlir: “Yaşayış məntəqələri, kolluq, dağlıq ərazilər fərqli metodlarla müxtəlif müddətlərə təmizlənir”.
“Minalar qarışıq döşənib”, – deyən M. Məmmədov qeyd edib ki, tank əlehinə minalarla, piyada əlehinə minalarla, sonra sürpriz qurulmuş minalarla qarşılaşırlar.
“Təkcə o demək deyil ki, ön xətt, təmas xətti minalanıb. Xeyr, bu ərazilərdə 1992-ci ildən başlayaraq ta bugünkü günə kimi döyüşlər gedib və o ərazilər də vaxtında minalanmış ərazilərdir. Ermənistan tərəfindən bizə minalanmış ərazilərin xəritəsi bizə verilməyib. Xəritələrin bizə verilməməsi bizim işimizi həddindən artıq çətinləşdirir və mürəkkəbləşdirir”.
Kiçik sahədə minlərlə mina…
Onun sözlərinə görə, Ermənistan briqadaları Azərbaycan qoşunları yerini dəyişdikdə həmin ərazilər yenidən minalanıb, möhkəmləndirilib. Ona görə də ön xətdə çox kiçik bir sahə təmizləndikdə oradan minlərlə mina tapılır. “30 metr enində bir dənə mina xəttinə rast gələndə ordan ən azı 100-150 mina tapıb çıxara bilirik”, – Mədəd Məmmədov deyib.
Ön xətdə minalanmış sahədə 7-8 mina xətti ilə rastlaşdıqlarını dilə gətirən mütəxəssis deyir ki, minalanma 27-30 il ərzində aparılıb. “Hazırda üzərində işlədiyimiz gələcəkdə magistral yol olacaq 200 metr sahədə təmizləmə aparırıq. Təxminən 200 metr enində sahədə 7-8 mina xətti var ki, orada minlərlə mina var. Hələ də çıxarmağa davam edirik”.
O deyir ki, ANAMA-nın iş prinsipi humanitar qaydalara əsaslanır və mina təmizləmə işlərində BMT standartları izlənilir:
“Biz Türkiyə və ya Rusiya hərbçiləriylə əlaqələr qurmuruq. Əsasən BMT ilə birgə işləyirik. Təmizlədiyimiz ərazi də hərbçilərin təmizlədiyi ərazilərdən fərqli olaraq humanitar qaydalara uyğun olur. Hərbçilərin öz standartları var, onların standartları bizim mina təmizləmə qaydaları ilə uyğunlaşmır”, – M. Məmmədov deyib.
Mütəxəssisin sözlərinə görə, atəşkəsdən sonra Ağdam, Ağcəbədi və Füzulidə polis və hərbçilərin ciddi nəzarətinə baxmayaraq 40-dan çox adam mina partlayışından həlak olub.