“Nmedia.az”ın bugunkü müsahibi Vətən müharibəsi qazisi Fazil Məmmədovdur.
Məmmədov Fazil Mehman oğlu 1992-ci ilin dekabr ayının 10-da Daşkəsən şəhərində anadan olub. Fazil Məmmədov Fizuli – Xocavənd istiqamətində qəhrəmancasına döyüşüb, ayağından güllə yarası alıb.
Döyüşə böyük ruh yüksəkliyi ilə daxil olmuşduq:
“ Böyük ruh yüksəkliyi ilə döyüşürdük. Xocavənddə saat 8 radələrində hiss etdim ki, ayağıma nə isə dəydi. Döyüş yoldaşlarım məni tək qoymadılar. Fizuli hospitalında rentgen etdilər və gördülər ki, güllə ayağımı deşib keçib. 12-13 gün Neftçalada Mərkəzi Xəstəxanada, sonra 2-3 gün Lənkərandakı xəstəxanada qaldım. Həkimlərdən, bütün tibb işçilərindən çox razıyam. Hamısı böyük diqqət və qayğı göstərirdilər.”
Mühasirədə qalmışdıq, “Bayraktar” bizi ölümün caynağından qurtardı:
“Döyüş çox qızğın gedirdi. Hər tərəfdən güllə yağırdı. Təpədən boylanıb gördük ki, üç tərəfimizdə də düşmən mövqe tutub. Dərhal mərkəzə məlumat bildirdik, dərhal “Bayraktar” göndərdilər. Bizim olduğumuz yeri göstərmək üçün çubuqlara paltarımızı keçirib yelləyirdik ki, bizim olduğumuz yeri “Bayraktar” təyin edə bilsin. Əlimizi də qaldıra bilməzdik, çünki güllələr yağış kimi yağırdı.”
Müharibənin bitdiyini xəstəxanada eşitdim:
“Neftçala Xəstəxanasında idim… Qələbə xəbərini orada eşitdim. Gecə saatları idi. Döyüş yoldaşım gəlib mənə xoş xəbər verərək yuxudan oyatdı. Qələbə hissini bir yerdə keçirdik. Bir döyüşçü kimi fəxr hissi keçirdim.”
Nicat Dilqəmli,
Baş redaktor