Tanınmış aparıcı Media Tədris Mərkəzində təlim keçdibackend

Uzun illərin televiziya və radio aparıcısı Nigar Mirzəyeva Media Tədris Mərkəzində olub. O, tələbələrə təlim keçib.
Qeyd edək ki, fəaliyyətinə 2005-cı ildə “Burc FM”radiosu ilə başlayan, Xəzər televiziyasında və radiosunda, daha sonra müxtəlif təşkilatlarda, Azərbaycan dövlət televiziyasında Proqramlar direktorluğunun “Diktor və aparıcılar” şöbəsində çalışan N.Mirzəyeva gələcəyin jurnalistlərinə aparıcılığın sirlərini öyrədib. Təcrübəsini bölüşən aparıcı səlis danışıq və tələffüzlə yanaşı, tələbələrə düzgün oturuş və duruş qaydalarından da danışıb. Efir aparıcısının jest və mimikalarla necə işləməli olduğunu izah edib.“Diktor, aparıcı ilk növbədə bədən dilini bilməlidir. Özünü kiməsə bənzətməmlidir. Əksinə, özünəməxsus jestikası olmalıdır. Bu gün tamaşaçını aldatmaq mümkün deyil. Ona görə də hansısa aparıcını təkrarlayan, onun jestlərindən istifadə edənlər qəbul olunmur. İstər diktor olsun, istərsə də aparıcı, çalışıb özün olmağı, səmimi obraz yaratmağı bacarmalısan. Bu zaman tamaşaçılar da sənə etibar edib, güvənəcəkdir”, – N.Mirzəyeva vurğulayıb.
Təlimdə tədris mərkəzinin tələbələrinin oxuduqları xəbər blokları əsasında onların diksiyaları dinlənilib. Aparıcı öz tövsiyələrini bildirib.
Daha sonra Nigar Mirzəyeva gələcəyin jurnalistlərinin suallarını cavablandırıb.