Valeh Arifoğlu: “Bəzi insanlar əllərinə aparat alıb adlarını fotoqraf qoydular” – MÜSAHİBƏbackend

12 İyul – Ümumdünya Fotoqrafiya Günüdür! 

“İlk foto üçün Cozef Nisefor Nayps 8 saat zaman sərf edib. 12 iyul 1826-cı ildə çəkilən ilk ağ-qara foto “Pəncərədən mənzərə” adlanırdı. XIX əsrin ortalarında isə rəngli fotolar meydana gəldi. Onların çəkilməsi üçün isə üç fotokameradan istifadə edilirdi. Bu fotokameralara rəng filtri (qırmızı, yaşıl və göy) quraşdırılırdı”.

Fotoqrafiya gününün məhz 12 iyulda qeyd edilməsinin digər səbəbi isə “Kodak” şirkətinin təsisçisi “fotoqrafiyanı hamı üçün əlçatan” edən Corc İstmanın doğum gününün məhz bu günə təsadüf etməsidir.

Azərbaycanda da son dövrlər bu sahə xeyli inkişaf edib. Lakin hər peşədə olduğu kimi bu sahənin də öz peşəkarları var.

Qazet.az-ın Ümumdünya Fotoqrafiya Günü ilə bağlı müsahibi Valeh Arifoğludur.

 

Müsahibimiz müəyyən vaxtlarda TTV və Arabacı TV-də montajçı-operator, fotoqraf, Bakı 2015 Avropa oyunlarında fotojurnalist kimi çalışıb. Bir çox xəbər saytları ilə əməkdaşlıq edib. Hazırda Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

 

– Valeh bəy, öncə sizi təbrik edirik. Bilirik ki, uzun müddətdir media sahəsindəsiniz və çəkdiyiniz fotolarla danışmadan məlumatları çatdırırsınız. Əvvəllər bu sahəyə maraq çox az idi. İndi isə yetəri qədər maraq var. Əslində hər kəsin telefonu var və hər kəs “fotoqrafdır”. Siz bu vəziyyəti necə qiymətləndirirsiz?

“Həqiqətən də əvvəllər bu sahəyə maraq çox az idi. Bir müddət sonra isə bəzi insanlar hərəsi bir aparat alıb adlarını fotoqraf qoydular. Bu da görülən işin səviyyəsini çox aşağı saldı. Görülmüş iş sıfır səviyyəyə düşdü. Bizim professional fotoqraflar qrupumuz var ki, müzakirələr aparıb müəyyən işlər görürük. Bəzi insanlar bizdən nəsə “oğurlayıb” öyrənmək istəyir, bu da, əlbəttə sevindiricidir”.

 

– Sizcə, fotojurnalistika qabiliyyət tələb edir? Hər kəs fotojurnalist ola bilərmi?

“Bəli, təkcə fotojurnalistika deyil, ümumiyyətlə, fotoqrafiya qabiliyyət tələb edir. Hazırda yetəri qədər fotoqraf var. Təəssüflər olsun ki, işi bilməyən və öyrənmək istəməyən fotoqraflar da var. Professional fotoqraflar olaraq hər zaman hazırıq ki, onları öyrədək. Yeni başlayanların yanındayıq. Reportaj zamanı fotoqrafın bahalı fotoaparatla çəkməsi deyil, ən ucuz telefonla da çəkə bilər, əsas kompozisiyanın qurulmasıdır”. 

 

– Bir fotoda neçə məna izah etmək olar?

“Bir fotoda bir çox məna hiss etdirmək olar. Əslində, o, fotoya baxan insandan asılıdır. Təbii ki, fotodan və hansı mövzuda çəkilməsi də rol oynayır. İnsan var ki, fotoda bir neçə məna tapır, insan var ki, fotoda heç nə görə bilmir. Fotolar müxtəlif mövzularda çəkilir. Mən çəkdiyim fotoda daha çox məna izah edə bilərəm, nəinki kənardan baxan insan”.

 

– Valeh bəy, fotojurnalistikaya həvəsiniz necə yarandı?

“Mən uzun müddət mediada, televiziyada çalışmışam. Uşaqlıqdan isə bu sahəyə həvəsim olub. Kiçik fotoaparatım var idi. Onunla müxtəlif şəkillər çəkirdim, baxırdım, saxlayırdım. Sonradan televiziyaya gəldim, müxtəlif sahələrdə çalışdım. Bu sahəyə hər zaman marağım var idi. Hətta, arada videolar da çəkirəm”.

 

– Gözləmədiyiniz anda ugur qazanan fotolarınız olub?

“Tovuzda idim, şəhid dəfnində iştirak edirdim. Şəhid atasının fotosunu çəkdim. Adi, sıradan, professional olmayan fotoaparatla… Evə gəldim, fotonu paylaşıb həyətə düşdüm. 1 saat sonra evə gəldikdə isə bütün sosial şəbəkələr bu şəkli paylaşmışdı. Heç gözləmədiyim anda bu şəklə maraq yarandı. Hələ də bu fotodan istifadə olunur”.

 

 Karyeranızda ən önəmli hesab etdiyiniz foto hansıdır?

“Karyeramda önəmli hesab etdiyim fotolar çoxdur. Ən önəmli və yadda qalan foto isə Bakı 2015 Avropa Oyunlarında olub. I qrup Qarabağ qazisi İlham Məhərrəmovla çəkiliş edirdik, İlham Məhərrəmov cənab Prezidentin şəklini çəkmək istədi. Həmin vaxt cənab Prezident İlham Məhərrəmova yaxınlaşdı, bizimlə salamlaşdı və mənə dedi: “Bizim şəklimizi çək”. Mən həmin fotolardan reportaj hazırladım. Bu foto 1 saat ərzində ölkə gündəmini zəbt etdi”.

 

-Ümumdünya Fotoqrafiya Günü ilə bağlı demək istədiyiniz nələrsə varmı?

“Bu gün üçün demək istədiyim odur ki, biz hər zaman görünməyən tərəfik. Əsəri yaradırıq, amma arxada qalırıq. Əsas olaraq əsərin qəhramanını unutmasınlar. Ən əsası isə işimizə dəyər versinlər, müəllif hüquqlarını qorusunlar. Bir çox insanlar loqonu silib, özəlləşdirib paylaşırlar. Bu da bizim əməyimizə qiymət verməmək kimi sayılır. Bunu edənlərin əksəriyyəti bizim dostlarımızdır. Hər zaman gənc fotoqrafların, jurnalistlərin yanındayıq”. 

 

– Valeh bəy, müsahibə üçün sizə təşəkkür edirik. Arzu edirik ki, çərçivələrə alınan əsərləriniz daim xoş xatirələr kimi yadda qalsın.

“Bu gün bizi unutmadığı üçün Qazet.az saytının kollektivinə təşəkkür edirəm. Çox sağolun!”

 

Aytac Babayeva