– Zahir bəy, özünüz yaxşısız, şükür, saytlarınızın vəziyyəti necədir, kef-halları yaxşıdırmı?
– Zahirən çox yaxşıdır, girişləri çoxdur, ölkənin aparıcı media qurumlarıdır, fasiləsiz çalışırlar. Amma daxilən vəziyyət başqadır, ölkənin bütün media qruplarından fərqli olaraq biz, daxili imkanlarla öz ayaqlarımız üzərində dayanırıq. Daxili imkan deyəndə, büdcəmiz reklam, biznes layihələrimiz hesabına formalaşır. Mənim bir çox biznes startaplarım var. Məsələn, Azərbaycan internet məkanında rəqəmsal reklam platdorması olan Adsgarden.com-un əsas ortaqlarından biriyəm, əksər saytlar reklamı bizim platforma üzərindən alır. Başqa layihələrimiz də var. Kiçik kollektivlə çalışırıq.
– Gələndə yan otaqdan sizi soruşdum, otaqda bütün işçilər qız idi. Oğlanlarla işləmirsiz?
– Növbəti otağa keçsəydiniz hamısı oğlanlar idi. Müxbirlərimiz daha çox qızlardır. Bu, bilərəkdən olmayıb. İdman saytlarımızın işçiləri isə əksərən oğlanlardır. Saytların yığılması, dizayn edilməsini işlərini görən digər startapın işçiləri də oğlanlardır. Bizim maddi imkanlarımız elə də çox olmadığına görə yüksək maaşlar verə bilmirik. Gəncləri işə götürüb özlərini jurnalistikada tapmağa kömək edirik. Ölkə mediasının əksəriyyətində bizim saytlarda təcrübə qazanmış insanlar çalışır. Onlarla dostluq münasibətlərimiz var. Harda çalışmaqlarından asılı olmayaraq, şad günlərini, ad günlərini keçirmək üçün bura gəlirlər. Biz bir ailəyik.
– Mətbuat bazarına tez-tez yeniliklər təklif edirsiniz, amma o yeniliklər sizin saytlarda öz əksini tapmır.
– Söhbət hansı təklifdən gedir, bilmirəm. Bəzi texnoloji yeniliklər edirik, saytlarımızda da müəyyən qaydaları gözləməyə çalışırıq. Məsələn, biz illərdir intihar, zorlanma, sıradan kriminal xəbərləri vermirik. Yəni böyük oxucu auditoriyamızı “çox oxunan xəbərlər”siz formalaşdırmışıq. Bunun özü də böyük işdir. Kimsə soyundusa onu niyə sayta verək? Cəmiyyətin başını qarışdırmağa hesablanmış xəbərlərdən uzağıq. Öz media siyasətimizi özümüz təyin edirik deyə sifarişlərlə çalışmırıq. Yəni cəmiyyətə faydalı olmayacaq bir şeydə iştirak etməməyə çalışırıq. Deyirlər ki, filan xəbərlər olmasa oxunma az olur. Amma biz sübut etdik ki, o xəbərləri vermədən də ölkənin ən çox oxunan saytlarından biri olmaq olar. Təbii ki, ifadə azadlığı ilə bağlı ölkədəki durumu da nəzərə alırıq. Media minalanmış sahəyə bənzəyir, orada gözübağlı gəzmək olmaz.
– Mən müxalifət əleyhinə kampaniyalar aparmıram, amma onların təbliği ilə də məşğul deyiləm. Media tərəfsiz olmalıdır. Biz siyasətçi deyilik.- Camaat bir saytı ayaqda saxlaya bilmir, siz deyirsiniz ki, reklamla, internet biznesi ilə on saytı, bu qədər işçini saxlayıram.
– Siz bir adam göstərə bilərsiniz ki, filan saytda üç-beş il ardıcıl işləsin və gündə 20 saat çalışsın? Bizim bayaq dediyim reklam platforması nəinki bizə, ölkənin 200 saytına aylıq pul ödəyir. Dostlarla 6 il gecə-gündüz çalışıb bunu yaratdıq. Uşaqlarımın necə böyüdüyündən belə xəbər tutmadım. Mən qarışqa kimi çalışan adamam, restoran, kitabxana da işlətmişəm. Küçədə qəzet satdığım illər də olub. Mən problemlərdən qorxmayan, depressiyadan uzaq adamam. Təbii ki, əməkdaşlıq etdiyimiz şirkətlər, reklam aldığımız, tərəfdaşlıq etdiyimiz qurumlar var. Amma heç kim deyə bilməz ki, bizə kimsə sponsorluq edir. Demirəm ki, peyğəmbər övladıyam, mənim də çoxlu səhvlərim var.- Bir ara saytı təhvil verib getmişdiz. Sonra nə oldu ki, qayıtdınız?
– Onda təzyiqlər var idi. Saytı başqasına verdim. Üç illik icarəyə verdik. Qıraqdan çox rahat görünür. Amma çox çətindir. Bir sayta, nə qədər sıxsan da, aylıq 5-10 min arası pul tələb olunur. Aylıq 40-50 min manat ayrılan saytlar var və onlar bizim 3 minlik büdcəylə etdiyimizi edə bilmirlər. Biz iynəylə dağı tərpədirik. Bəlkə də ölkənin ən böyük media qrupuyuq, amma indiyə qədər bunu dilə gətirmədik, başımızı aşağı salıb işimizi gördük.- Sayt yaradıb müəyyən qədər fəaliyyət də edib sonra satırsınız. Bunu elan kimi də yazmışdız. Adama elə gəlir ki, domen monopoliyasına siz baxırsız.
– Mənim beş-altı dömenim var. Domen almaq elə çətin iş də deyil. Kim istəsə ala bilər. Mən proqramçı deyiləm, menecerəm. İşi idarə edirəm. Artıq iyirmi ildir ki, bu işin içindəyəm. Ölkədə ilk sayt açanlardan biriyəm. Kifayət qədər təcrübəm var. Dostlar, tanışlar sayt açmaq istəyəndə mənimlə məsləhətləşir. O qədər soruşdular, məsləhət aldılar, axırda fikirləşdim ki, bunu biznesə çevirim. Həm də bu 15 il ərzində iki dəfə domen satmışam, sayt yox. Mənim fəaliyyət sahəm çoxdur. Arı kimi min dənə çiçəyə qonmaq məcburiyyətindəyik ki, həm işimiz axsamasın, həm də evimizə bir tikə çörək aparaq.- Son vaxtlar ölkədə açılan saytlara baxırsan ki, biraz fəaliyyət edən kimi kiminsə, nəyinsə əhatəsinə daxil olurlar, təsirinə düşürlər. Sizin qapınızı döyən olmayıb?
– Bu mənada bizim qapımız döyülməyib. Çünki mənim keçmişim var, tanıyırlar, bilirlər. Axı biz “baş üstə” janrında çalışan adamlar deyilik. Bizi bizdən yaxşı tanıyırlar. Mənə gəlib deyə bilməzsən ki, gözünü yum filankəsi vur. Burda da açıq deyirəm ki, mən bunu eləmərəm. Kimisə tənqid ediriksə, öz fikrimizdir.- Bu yaxında elanınızı oxudum, 700 manat maaşla iqtisadi jurnalist axtarırdız, tapa bildiz?
– Bizdə iqtisadi jurnalist qıtlığı var. Mən imkanlarımdan iki qat artığını da yazdım, amma tapa bilmədim. Çünki onlar daha çox maaş istəyirlər və haqlıdılar da. Soruşa bilərsiz işçilərimdən, bizdə ən çox maaş 400 manatdır. Amma yüksək maaş da təklif etdim, tapa bilmədim iqtisadi jurnalist. Peşəkar iqtisadi jurnalist haqlı olaraq hesab edir ki, maaş azdır. Biz daha çox təcrübəsiz jurnalistləri işə götürürük. İşləyib təcrübə yığırlar və iki qat artıq maaşla başqa saytlara gedirlər. Məsələn, rəhmətlik Mövlud bizdə işlədi, yaxşı müsahibələr etdi, sonra gəldi dedi ki, filan yerdən yüksək maaşla dəvət edirlər, nə edim? Təbii ki, mən də gedib işləməsini tövsiyə etdim. Bizdə təcrübə yığan jurnalistlərə hər yerdə qapılar açıq olur.
– Siz həm də ədəbiyyat adamısız, şeirlərinizi oxumuşam. Yaradıcılıq nə yerdədir? Şeir yazırsız?
– Bəli, ədəbiyyat adamı idim. Xeyli uzaqlaşmışam. Yaradıcılıqla məşğul ola bilmirəm. Şeir halı bir başqa haldır. Bu qədər pul, qayğı düşünən adam yaradıcılığı necə düşünsün? Şairlik halı bir az da məsuliyyətlərdən uzaq olmaqdır. Bu qədər məsuliyyətin altında sən şeir yaza bilməzsən. Yəni bu Zahir Əzəmət o Zahir Əzəmət deyil, tamam başqa adamdır, menecerdir, qafam hazırda riyaziyyatla çalışır. Burada şeirə yer yoxdur.- Şair Zahir Əzəmət olmaq istəyirsiz, yoxsa biznesmen Zahir Əzəmət? Hansı sizə daha rahatdır?
– Kult.az-ı deyirsiniz. Saytı yox, domeni o vaxtın pulu ilə 8 min manata satmışam. O pulla da özümə torpaq aldım. Baxdım ki, yaş gedir, kirayədə yaşayıram, heç nəyim yoxdur, getdim torpaq aldım. Saytın özü isə başqa domenlə – Yarpaq.az adı ilə işini davam etdirir.- Bu qədər fəaliyyətinizdə ana məqsədiniz nədir? Pul qazanmaq?
– Əvvəl idealist, romantik idim. İndi sifətimizi qorumaqla ayaqda qalmaq savaşındayıq. Ali bir məqsədim yoxdur. Evimdə iki uşaq böyüyür, bunun məktəb, paltar xərcləri var, ev xərcləri öz yerində. O vaxt biz ölkə səviyyəsində işlər görəcəyimizi düşünürdük. Çox şeyə inanırdıq. Ümidli idik. İndi o ümidlərdən əsər-əlamət qalmayıb. Adi dincəlməyə vaxt tapmırıq. Bir qapı açılsa çıxıb gedərəm.
– Yəni vətənə sizi heç nə bağlamır?
– Şair danışmır, yazır. Jurnalist kimi də yox. Bir vətəndaş kimi danışıram. Şair fikir adamı deyil. Ondan filosof düzəltmək düzgün olmaz. Artıq bu qədər yol gəlmişik və məcburuq ki, davam etdirək. Mən bu qərara gəlmişəm ki, toplumu dəyişə bilmirsənsə, yanındakı üç nəfəri dəyiş, onları da dəyişə bilmirsənsə, heç olmasa, özünü dəyiş. Bizdə kollektiv ruhu, xor ruhu yoxdur. Oturub televiziyada xalqa müraciət edəcəm və xalq dəyişəcək? Belə şey yoxdur. Amma yanındakı bir nəfəri dəyişə, düzgün formalaşmasına dəstək ola bilərsən.- Dünya təcrübəsindən görünür ki, bir adam bütün cəmiyyəti dəyişə bilir. Buna da maarifçilik deyilir. Siz də maarifçiliyi rədd edirsiniz. Bu, nə dərəcədə doğrudur?
Çalışaq, amma öncə düzgün startegiyamız olmalıdır. Burdakı coğrafiyanı, mentaliteti, xalqın xarakterini nəzərə alan strategiya. Sadəcə mən artıq topdan düşüncəyə, topdan yanaşmaya, cəmiyyətin topdan dəyişəcəyinə daha inanmıram. Tək-tək dəyişə bilərik. Toplumları formalaşdıran böyük hadisələr olmalıdır. Biz o yanda torpaq itiririk, gəlib bu yanda şadlıq sarayı açıb o torpağın adını qoyuruq. Hələ böyük yol keçməliyik.
– İçinizdə bir narahatçılıq var. Adamlar bir sayt açıb xoşbəxt olurlar. Sizin bu qədər saytınız var, amma xoşbəxt ola bilmirsiz…
– Bir dəfə rəhmətlik Habil Əliyev televiziyada çıxış edirdi. Onda “Şöhrət” ordeni almışdı. Jurnalist sual verdi ki, Habil müəllim, bütün titulları almısınız, yeganə sənətkarsınız ki, sağlığınızda adınıza musiqi məktəbi də verilib, yəqin xoşbəxtsiz. Habil müəllim cavab vermədi. Təkrar-təkrar soruşdu. Axırda cavab verdi ki, mənim qonşum acdırsa, mən necə xoşbəxt ola bilərəm? Biz həssas adamlarıq, robot deyilik. Mən evimə ət alanda görürəmsə bir yaşlı adam dükandan sümük alır, o əti aparıb necə yeyim? Necə xoşbəxt olum?