Yaxşı nədir, pis nədir? Əmrah Fəqanoğlu backend

Bakı. 11 dekabr. YENIGUNDEM.AZ/ Rəhmətlik Məşədi İbad demişkən, bəzi əməl və davranış tərzləri var ki, adam bir növ onlara adətkardır. Özü də adətkar olduğumuz bu əməl və davranış tərzlərinin həm özümüz, həm də bizi əhatə edən toplum üçün nə qədər zərərli və utancverici olduğunu düşünəndə əlacın təkcə ürək dolusu bir “ah” çəkməyə yetir. Bilirəm, o saat gözünüzün qarşısında metro və avtobusdakı basabaslar, itələşmə və “dartma, yaxam cırıldı” quruluşlu “məşhur” səhnələr canlandı. Buraya nə vaxt açılacağı bilinməyən uzun-uzadı avtomobil tıxaclarının hirs-hikkəsini bir-birinin üstünə tökməyə çalışan sürücülərin acıqlı sifətlərini, bərbəzəkli söyüşlərini də əlavə etmək olar. Amma nə yaxşı ki, istər metro və avtobuslardakı basabaslarda, istərsə də tıxaclarda yaranan qalmaqalların sonunda heç olmasa bir dərrakəli adam irəliyə durub, “ay mənim xalqımın övladları, boş-boş şeylər üstündə bir-birinizi niyə qırırsınız, bir-birinizə niyə düşmən kəsilirsiniz, axı hamımızın bir ümumi düşməni var- o da ərazilərimizin iyirmi faizini işğal edib, əhalisinin qırdığını qıran, qıra bilmədiyini isə didərginə çevirən ermənilərdir”- söyləyir. Nə qədər olmasa, yenə də bu sözlərdən nəticə çıxaran, yəni əhəmiyyətsiz şey üstündə axtarsan bəlkə də uzaq qohumu çıxa biləcək adama dişinin dibindən çıxanı demiş, yumruq qaldırmış, qadındısa saçyoldusuna çıxmış kəslər cüzi də olsa peşmançılıq hissi keçirirlər. Qanmayanlar isə onsuz da qanan deyillər. Belələrinə on il sərasər öyüd-nəsihət versən də, sakitcə dinləyib, sonda yenə öz bildiklərini edəcəklər… Öz naqisliklərinə haqq qazandıranda isə əllərinə keçən hər nə varsa-şər, böhtan, şantaj hamısından gen-bol istifadə edirlər.

Yeri gəlmişkən, bir adamın tanıdığı, yaxud tanımadığı adama hansı müraciət formasını seçməsi də bir növ vərdişlə bağlıdı. Həm də birbaşa onun mədəniyyətinə, lap deyərdim əxlaqi dəyərinin hansı səviyyədə olmasına dəlalət edən məsələdir. Nəğməkar quş səsindən bəlli olan kimi.

Hər birimiz gündəlik həyatımızda bizə müraciət edən onlarla şəxslə qarşılaşırıq. Şəxsən özümə gəldikdə “qardaş”, “əmi”, “dayı”, “müəllim” və nəhayət, ən sevmədiyim “ağsaqqal” müraciətlərinin hədəfində oluram. Bəzən məndən yaşca böyük, yaxud təxminən eyni yaşda olması açıq-aşkar gözə girən kişi və qadınların “dayı” kəlməsi ürəyimə toxunsa da, üzə vurmamağa çalışıram, düşünürəm ki, qoy bundan ürəkləri xoş olursa- olsun, mənimlə nisbətdə özlərini cavan hesab edib, xoşbəxtliyin ləzzətini yaşasınlar. Baxmayaraq ki, belə tip insanlar üçün ilin bütün günləri bayram əhval-ruhiyyəsində keçir, şadlanmaq, şit-şit deyib-gülmək üçün özlərinə bir səbəb axtarıb tapırlar.

O gün yeraltı keçidə yaxınlaşırdım, gördüm kənarda bir neçə polis işçisi dayanıb. Təxminən 35-40 yaşlarında olardılar. Mənə həmişə yeraltı keçiddən istifadə etməyi məsləhət görməklə, bunun daha təhlükəsiz olduğunu vurğuladılar. Onlara məsləhətlərinə və biz piyadaların qayğısına qaldıqlarına görə minnətdarlıq edəndə, içərilərində mənimlə təxminən eyni yaşda olanı “ağsaqqal, borcumuzdur, amma bax ha, yeraltı keçiddən istifadə etməsən, sənə güzəşt olmayacaq”-deyə hündürdən xəbərdarlıq elədi. Nə gizlədim, onun nə bu yüksək səs tonu, nə də müraciət forması xoşuma gəldi. Cavabında “mənim ağsaqqal olmağıma hələ ən azından iyirmi il var, hələ o yaşa da çata bilsəm”-dedim. Polis nəfəri sir-sifətinə narazı görkəm verib, nümayişkəranə tonla “elə bilirsən ağsaqqal olmaq asandı, hər adam ağsaqqal ola bilmir e”- dedi. “Onsuz da ağsaqqal ola bilməyəni də zorla ağsaqqal edirsiziniz”- eşitdirdim…

Zibil qutusu bir addımlığında ola-ola əlindəki lazımsız əşyaları yerə tullayanlar, avtomobil hərəkətdə ola-ola başını pəncərədən çıxarıb yola tüpürənlər, zibil atanlar, svetoforla tənzimlənən yolayrıclarında qırmızı ışığı vecinə almayıb yolu keçənlər, həyətdə oyun oynayarkən valideynlərindən aldıqları tərbiyəni nümayiş etdirməklə bir-birlərini ağır söyüş atəşinə tutan uşaqlar… Bunların hamısı yad deyil, öz doğma millətimizin nümayəndələridir. Gəlin heç bir halda onların bu pis adət və vərdişlərinə haqq qazandırmağa çalışmayaq. Çalışıb pisləri də yaxşıların cərgəsinə qoşaq. Əlbəttə ki, əgər bacarsaq…