AQC VƏ QAİ İDARƏ HEYƏTİNİN  ONLAYN İCLASI KEÇİRİLMİŞDİR -FOTOLARbackend

14 iyun 2021- ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İdarə Heyətinin onlayn iclası keçirilmişdir.

“Yeni Gündəm” xəbər verir ki, iclası giriş sözü ilə açan AQC və QAİ sədri, millət vəkili Əziz Ələkbərli gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl iclasa qoşulan yeni üzvləri – Eldar Əliyev və İman Məmmədovu təqdim etdi.

Sonra Ə.Ələkbərli ötən həftə ölkəmizdə baş verən hadisələr barədə məlumat verdi. O, ermənilərdən Ağdam rayonu üzrə mina xəritələrinin alınmasını Azərbaycan diplomatiyasının böyük uğuru kimi dəyərləndirdi.

Bundan sonra Əziz Ələkbərli iclasın gündəliyini təqdim etdi və gündəlik yekdilliklə qəbul olundu.

İlk məsələ olaraq 15 iyun Milli Qurtuluş günü barədə məruzə edən Əziz Ələkbərli bu tarixi günün şahidləri sırasında olduğu üçün qürur duyduğunu bildirdi. Həmin günlərdə Azərbaycanda baş verən hadisələri bir daha xatırladan Ə.Ələkbərli Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycan xalqının və Azərbaycan dövlətinin tarixində və taleyində dönüş nöqtəsi olduğunu, həmin tarixdən bu günə qədər Azərbaycanın əldə etdiyi bütün siyasi-iqtisadi-hərbi uğurların təməlində durduğunu bildirdi. Əziz Ələkbərli bu tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

Gündəlikdəki ikinci məsələ – QAİ-nın beynəlxalq əlaqələrinin qurulması barədə Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva məruzə etdi və təkliflərini verdi.

Gündəliyin üçüncü məsələsi olaraq təşkilati məsələ müzakirə edildi. QAİ-nin Aparat rəhbəri Abduləli Həsənov icmaların formalaşması və bölgələrdə nümayəndəliklərin yaradılması işinin vəziyyəti barədə ətraflı məlumat verərək yaxın müddətdə bu istiqamətdə planlaşdırılan işlərdən bəhs etdi.

İclasın sonunda cari məsələlər müzakirə edildi. Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi layihələrin icra vəziyyətinə nəzər yetirildi. İdarə Heyətinin üzvü Binnət Əsgər Ermənistanda seçkiqabağı vəziyyət barədə tədbir iştirakçılarına məlumat verdi.

Gündəlikdə duran məsələlər ətrafında Əziz Ələkbərli, Abduləli Həsənov, Rəhilə Abdullayeva, Həqiqət Hacıyeva, Leyla Abdullayeva, Binnət  Əsgər, Ələsgər Məmmədov, Ramiz Əzizoğlu, Cəmilə Fəyyaz, Eldar Əliyev, Vüqar Namazov çıxış edərək münasibətlərini, qeyd və təkliflərini bildirdilər.