“Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur”-Deputatbackend

Azərbaycan və Özbəkistan xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub, hazırda iki ölkə arasında münasibətlər bütün göstəricilər üzrə artan xətlə inkişaf edir. Şavkat Mirziyoyevin növbəti dəfə Özbəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfər etməsi dostluq və qardaşlığın yüksək səviyyədə olmasının göstəricisidir.

Bu fikirləri “Yeni Gundem”-ə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının üzvü, Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev bildirib.

Milli Məclisin deputatı R.Əliyevin sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 22 avqust tarixində Azərbaycana tarixi səfəri ölkələrimiz arasında yeni münasibətlərin başlanğıcıdır.

“Ölkə başçılarının görüşündə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və çox istiqamətli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir. Əməkdaşlıq zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələrin aparılması, bir sıra mühüm sənədlərin imzalanması bir daha cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdən xəbər verir”.

Millət vəkilinin fikrincə, Azərbaycan və Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir.

“Görüş zamanı cənab Prezident İlham Əliyevin nümayəndə heyətinin qarşısında səsləndirdiyi fikirlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir; “Bu gün nümayəndə heyətlərinin üzvlərinin qarşıdakı, fikrimcə, iki-üç ildə gözlədiklərimizin çərçivəsində bizə məruzə etdikləri deməyə əsas verir ki, ölkələrimiz arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmışıq. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəddir. Bu, münasibətlərin yüksək səviyyəsidir və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir, həmçinin onu göstərir ki, gündəlik kifayət qədər genişdir”, – fikirlərini cənab İlham Əliyev vurğulayıb. 23 avqust tarixində Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisinin əyani sübutudur. Səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni inşa olunan bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq Azərbaycan-Özbəkistan qardaşlığına xidmət edir’.

Parlamentin üzvü R.Əliyev onu da əlavə edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur və iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi bundan sonra da qardaş dövlətlər arasında əməkdaşlıq potensialına geniş imkanlar yaradacaqdır.

Fərahim Rəhimov

Yenigundem.az