“Azəristiliktəchizat” vətəndaşlara kütləvi borc yazır? – RƏSMİ AÇIQLAMAbackend

“Azəristiliktəchizat” ASC-nin kütləvi şəkildə vətəndaşlara borc yazdığı iddia edilir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə jurnalist Zülfüqar Xeyirxəbərov məlumat paylaşıb.

O bildirib ki, jurnalistlər üçün tikilən binada yaşayır. Bu tip binalarda mərkəzləşdirilmiş istilik sistemi yoxdur. Lakin buna baxmayaraq, “Azəristiliktəchizat” ASC borcla bağlı onlara SMS göndərib: ““Azəristilik” nə işlə məşğul olur? Kütləvi şəkildə hamıya borc yazıblar. İndi bunlar, deyəsən, yeyib taladığı pulları yığmaq üçün evində kombi olanlara da borc yazıblar. Jurnalistlər üçün tikilmiş binalarda mərkəzləşdirilmiş istilik sitemi yoxdur. Hər kəsin öz kombisi var. Yəni “Azəristiliktəchizat” o binaya istilik verimir. Başqa mənzilim də yoxdur. Zəng eləmişəm quruma. Araşdırırlar ki, görək borc necə yazılıb?”

Məsələ ilə bağlı “Azəristiliktəchizat”dan Pravda.az-a verilən açıqlamada bildirilib ki, qurum tərəfindən yazılan borcun jurnalistlərin binasına aidiyyəti yoxdur: “Zülfüqar Xeyirxəbərovun Müşfiqabad qəsəbəsində yaşayan qohumu sahibi olduğu mənzilin məlumatlarında əlaqə nömrəsi kimi jurnalistin nömrəsini qeyd edib. Borc həmin mənzil sahibinə aiddir. Jurnalistlə əlaqə saxlanılıb və bu barədə onun özünə də məlumat verilib”.