AzTU-da BDU-nun yubileyinə həsr olunan tədbir keçirilibbackend

Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

“Yeni Gundem” xəbər verir ki, Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir. Növbəti belə tədbir Azərbaycan Texniki Universitetində keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları salamladıqdan sonra Bakı Dövlət Universitetinin keçdiyi tarixi yol barədə məlumat verib. Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb. BDU-nun, böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən Vilayət Vəliyev bu ali təhsil ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb və onun bu ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini bildirib.
Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, onu Azərbaycan xalqının sərvəti adlandırıb.
Rektor özünün də Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladıb. Qeyd edib ki, hazırda Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətinin 163 nəfəri məhz Bakı Dövlət Universitetinin məzunudur. Rektor Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb. Bu gün keçirilən yubiley tədbirinin Azərbaycan Texniki Universiteti ilə Bakı Dövlət Universiteti arasında gələcək əməkdaşlığın genişləndirilməsi üçün qarşıya müəyyən vəzifələr qoyacağını qeyd edib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley tədbirinin təşkilinə görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə təşəkkür edib. Rektor BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışıb. Elçin Babayev Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı imzaladığı mühüm sərəncamları diqqətə çatdırıb. Bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir. Rektor Bakı Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığın yeni mərhələnin əsasının qoyulduğunu da diqqətə çatdırıb.
BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və AzTU-nun “Kimya” kafedrasının müdiri Elman Məmmədov Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.
Tədbirdə Azərbaycan Texniki Universitetində çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş 163 professor-müəllim heyəti adından BDU-ya xatirə hədiyyəsi təqdim olunub. Yubiley tədbiri bədii hissə ilə davam edib.

ə