Baş prokuror Tovuzda vətəndaşları qəbul etdi – Fotobackend

İyulun 24-ü Baş prokuror Kamran Əliyev Tovuz rayon prokurorluğunun inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və digər rayonlardan olan vətəndaşları qəbul edib.

“Yeni Gundem” xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror ümummilli lider Heydər Əliyevin Tovuzdakı abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 27 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Fərmanı əsasında yaradılan və Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflərini dinləyib, eləcə də müzakirələr aparılmaqla müvafiq göstərişlər verib.