“İndi rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb” – Politoloqbackend

ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı geopolitik orbitr statusuna sarsıdıcı zərbə sayıla bilər. Çünki Kreml son vaxtlara qədər bu regionda bütün geopolitik proseslərdə həlledici mövqe sahibi kimi davranmağa vərdişli idi.

Bu sözləri “Yeni Gundem”-ə Politoloq Elçin Xalidbəyli bildirib.

Siyasi şərhçinin fikirincə, Kreml bundan sonra regional proseslərdə şəriksiz geopolitik iradə sahibi deyil.

“İndi artıq belə anlaşılır ki, Cənubi Qafqazdakı əsas münaqişə ilə bağlı Rusiyanın vasitəçiliyi artıq arxa plana keçməyə başlayıb. Hər halda, Kreml bundan sonra regional proseslərdə şəriksiz geopolitik iradə sahibi deyil. Çünki ABŞ və Qərb də bu regionda əsas oyunlardan birinə çevrilməkdədir”.

E.Xalidbəyli vurğuladı ki, Rusiya Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ-a ciddi şəkildə uduzmağa başlayıb.

“Xüsusilə də, Kremlin Moskvada keçirilməsinı ümid bəslədiyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Vaşınqtona daşınması Rusiyanın məğlubiyyəti deməkdir. Və bu, yaxın vaxtlarda Rusiyanın Cənubi Qafqazdan ümumiyyətlə, çıxarılma prosesini daha da inyensivləşdirə də bilər. Əslində, ABŞ-ın əsas strateji hədəfi də məhz Rusiyanın bu regiondan kənarlaşdırılmasına nail olmaqdır. Ona görə də, Ağ Ev Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasında birbaşa maraqlıdır. Hətta bəzi məlumatlara görə, ABŞ savaşda məğlub olan Ermənistana sülh sazişinin imzalanması üçün təzyiq də göstərir. Ehtimal olunur ki, Ağ Ev may ayının sonlarına qədər sülh sazişinin ilkin variantda imzalanmasına cəhd etməkdədir. Bu baxımdan, xarici işlər nazirlərinin Vaşinqton görüşündən hansısa önəmli nəticələr gözləmək mümkündür”.

E.Xalidbəyli hesab edir ki, Rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırmasından sonra Ermənistan danışıqlar masası arxasında “Qarabağ mövzusu”nu “bazarlıq” predmetinə çevirmək şansını da tamamilə itirib.

“İndi rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb. Əks halda, hadisələrin sonrakı inkişafı istiqamətləri Ermənistanın mövcudluğunu da təhdid edə bilər. Ona görə də, indi Ermənistan üçün yekun sülh sazişinin imzalanması daha böyük əhəmiyyət daşıyır. Bu sıraya ABŞ-ın da Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında maraqlı olduğunu əlavə etdikdə xarici işlər nazirlərinin Vaşinqton görüşünə müəyyən ümidlər bəsləmək mümkündür. Böyük ehtimalla yaxın gələcəkdə Cənubi Qafqazda olduqca yeni mərhələ başlayıb. “Erməni layihəsi” isə artıq heç kimə lazım deyil. Əksinə, indi bu qondarma “layihə” ABŞ və Qərbin geopolitik maraqlarına ciddi problemlər yaradır. Yəni Azərbaycan bu mərhələdə qarşıya qoyduğu bütün hədəflərə çatmaq şansına sahibdir”,- deyə o qeyd edib.

Fərahim Rəhimov