İran-Azərbaycan münasibətlərinə dair sensasion açıqlamabackend

İran-Azərbaycan münasibətləri kritik mərhələdədir. Bəzi siyasi ekspertlər yaranmış durumu “soyuq müharibə” də hesab edirlər. İran qonşusu və dindaşı Azərbaycanla Ermənistana görə üz-göz olub. Düzdür, ortada öz maraqları var. Amma bu böhrana səbəb İranın Ermənistan üzərindən Qarabağa göndərdiyi yük maşınları oldu. Azərbaycan tərəf İranın qanunsuzluğunu isbat edəndən sonra rəsmi Tehran geri çəkilmək əvəzinə, üstümüzə gəldi, ölkəmizi suçladı. “Sionist rejimi” terminini işlətdi. Ardında İranın ali dini lideri Seyid Əli Xameneyi bəyanat verdi, İranın siyasi rəhbərliyinin mövqeyini haqlı sayan sözlər dedi. Onunla eyni vaxtda İranın xarici işlər naziri Azərbaycanı təhdid etdi.

Oktyabrın 5-də isə İran Azərbaycandan Naxçıvana uçan hərbi təyyarələrə hava məkanını qapatdı. Azərbaycan tərəf də bütün indiyədək olanlara reaksiya verdi. İranın ali dini lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.

Daha bir tutarlı cavab isə Naxçıvanda Türkiyə qırıcılarının havaya qaldırılması oldu. Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimin adına diqqət edək: “Sarsılmaz qardaşlıq-2021″. İranın ölkəmizə qarşı tutduğu mövqeyə ən tutarlı cavab Türkiyə ilə birgə hərbi təlimlərdir. Rəsmi Tehran Türkiyə-Azərbaycan qardaşlığından, müttəfiqliyindən, birgə hərbi təlimlərdən çox narahatdır. Artıq Türkiyə İlə Azərbaycanın arasındakı münasibətlər mənəvi, fəlsəfi, poetik mərhələni keçib. Ortada daha ciddi, daha real müttəfiqlik var. Bu müttəfiqlik Türkiyə və Azərbaycan prezidentlərinin imzaları ilə rəsmi müqavilə şəklində təsdiqlənib. İyunun 15-də Şuşada imzalanan bəyannamə – Şuşa Bəyannaməsi Azərbaycana ola biləcək hərbi aqressiyalarda Türkiyənin hansı mövqe tutacağını bəlli edir. Bu, boşuna ”İkinci Qars müqaviləsi” adlandırılmır. Prezident İlham Əliyev ötən il xalqa telemüraciətlərində də bunun anonsunu vermişdi. Türkiyə qırıcılarının Azərbaycanda olmasından danışarkən Prezident demişdi ki, o F-16-lar Azərbaycana 3-cü ölkə tərəfindən aqressiya olacağı təqdirdə havaya qalxacaq. Azad Demokratlar Partiyasının sədri, keçmiş milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər İran-Azərbaycan münasibətlərində yaranmış durumu “Yeni Müsavat”a şərh edib və proqnozlarını verib. Sülhəddin Əkbər öncə bildirdi ki, hazırkı vəziyyəti “müharibə öncəsi vəziyyət” kimi dəyərləndirmək erkəndir: “İranla Azərbaycan arasında müharibənin olacağı, hətta lokal müharibənin olacağı gözlənilmir. Ola bilsin sərhəddə hər hansı insident, təxribat baş verə bilər. Amma müharibənin olacağını mən gözləmirəm. Çünki İran təcrübəli dövlətdir, böyük dövlətçilik yaddaşı var və o, hesablama aparmağı ən azı bacarır. Azərbaycanın həm təkbaşına, həm də müttəfiqləri və tərəfdaşları ilə birgə gücünü bilir. Dünyadakı geopolitik, geostrateji, geoekonomik konyukturanı da bilir. Regiondakı hərbi-siyasi durumdan da xəbərdardır və kəşfiyyatı da kifayət qədər aktiv işləyir. Ona görə də qüvvələr nisbətini nəzərə alır və atdığı addımların nələrə səbəb olacağını, özünə necə baha başa gələcəyini bilir. İranın geri çəkiləcəyini düşünürəm. Sadəcə olaraq, İran yoxlama gedişi etdi və mənə elə gəlir indi oturub hesabını aparacaq və hesabın öz xeyrinə olmadığı qənaətinə gələcək. Çünki hər şey açıq-aydın şəkildə ortadadır. Mən qüvvələr nisbətini nəzərdə tuturam. Ona görə də İran nə qədər tez bu ziyanlı yoldan dönsə, o qədər öz xeyrinə olacaq”.

S.Əkbər qeyd etdi ki, bu baş verənlər gözlənilən idi: “İranı mən illərlə aktuallaşmağa meylli potensial təhdid adlandırırdım. Eyni zamanda kitabımda qeyd etmişdim ki, İran qısa zamanda aktuallaşa biləcək bir təhdiddir. İkinci Qarabağ savaşında Azərbaycanın qalib gəlməsi bu prosesi sürətləndirdi. Görürsünüz ki, necə qısa zamanda İran potensial təhdidi aktuallaşdı və aktual təhdidə çevrildi. Bəli, artıq İran Azərbaycan üçün aktual təhdiddir. Bundan sonra Azərbaycan İrandan ən pis halda kəşfiyyat müharibəsi gözləyə bilər. Yəni klassik müharibədən söhbət getmir. Kəşfiyyat müharibəsi gözləniləndir və dolayısı ilə İran öz vəkillərindən istifadə etməklə kəşfiyyat-təxribat fəaliyyəti, pozuculuq fəaliyyəti apara bilər, eyni zamanda Azərbaycandakı ”5-ci kolonu”nu fəallaşdıra bilər. Amma Azərbaycanın bunun qarşısını almaq üçün təkbaşına, üstəgəl, müttəfiqləri və tərəfdaşları ilə birgə olan gücü və potensialı yetərlidir. Azərbaycan tərəfindən atılan addımlar, dövlət başçısının açıq səsləndirdiyi fikirlər, yəni Azərbaycanın apardığı xətdən geri dönməyəcəyi haqda verdiyi bəyanatlar, hətta altılıq platformasında artıq İranı görmək istəməməsini bəyan eləməsi, Ermənistanın hava məkanından Naxçıvana hava dəhlizinin açılması, Rusiyanın və Türkiyənin liderlərinin görüşü zamanı Putinin Türkiyə haqda verdiyi bəyanatı İran nəzərə almalıdır. Bütün bunları nəzərə alanda İran meydanda tək qalacağını görür”.

Sabiq MTN-çi hesab edir ki, Azərbaycan haqlı olaraq kifayət qədər sərt cavab verib: “Mən iki məsələni xüsusi qeyd eləmək istəyirəm. Birincisi, İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsinin ofisinin bağlanması birbaşa cavabdır. İkincisi, bütövlükdə İrana cavab altılıq formatında artıq Azərbaycanın onu görmək istəmədiyi haqda verilən bəyanatdır. İndi baxaq görək İran bundan sonra necə addım atacaq. Azərbaycan cəmiyyəti İranın müharibəyə girişəcəyindən nə qorxsun, nə çəkinsin. Belə bir şey olmayacaq. Ancaq biz, dediyim kimi, İranın kəşfiyyat müharibəsinə başlaya biləcəyini, ”5-ci kolonu” fəallaşdıra biləcəyini və vəkillərdən istifadə edə biləcəyini nəzərə almalıyıq. Artıq İran diplomatik siyasi fəaliyyətə başlayıb, bütün türk düşmənləri ilə görüşlər keçirir. Bundan sonra oturub bunun da hesabını aparacaq”.

S.Əkbər qeyd etdi ki, İranı müharibədən çəkindirən çox ciddi faktorlar mövcuddur: “Birincisi, götürək Azərbaycanın təkbaşına gücünü. Artıq nə Azərbaycan cəmiyyəti, nə də dövləti institutları ilə birgə əvvəlki Azərbaycan deyil. Xüsusən də İkinci Qarabağ savaşından sonra qalib gəlmiş dövlət və millətdir. Azərbaycanda artıq millət ordu kodu işə düşüb, bizim tarixi genetik kodlarımız artıq işə düşüb. Bizdə artıq millət ordu kimi birləşib ortaya güc qoya bilir. Bunu bütün dünya görür, o cümlədən də İran. İkincisi, Azərbaycanın müdafiə, kəşfiyyat və təhlükəsizlik sektoru yenidən qurulur. Azərbaycanın müasir döyüş apara bilən, eyni zamanda hərbi strateji düşüncəyə, konsepsiya və doktrinaya sahib yüksək zabit heyəti formalaşıb. Azərbaycanın iqtisadi, maliyyə potensialı da nəzərə alınmalıdır. Amma ən başlıcası Azərbaycanın qurduğu müttəfiqlik və tərəfdaşlıq münasibətləri sistemidir. Burada ilk növbədə Böyük Britaniyanı, İsraili və dünya yəhudiliyini, bu iki dövlətin dünyada olan gücünü, Türkiyə və Pakistanı, xüsusən Türkiyənin Azərbaycanla strateji müttəfiqlik sazişi imzalamasını, Türkiyənin Azərbaycanda hərbi varlığını nəzərdə tuturam. İran artıq əslində özünü mühasirəyə alınmış hesab edir”.

Həmsöhbətimiz vurğuladı ki, İranın daxilində milyonlarla azərbaycanlının varlığı da Azərbaycanın potensial gücüdür: “Heç kimə sirr deyil ki, Azərbaycanın böyük hissəsi İran adlanan ölkənin daxilindədir və Azərbaycan türklərinin də böyük hissəsi oradadır. Heç kimə sirr deyil ki, İranın həm müdafiə, həm kəşfiyyat, həm təhlükəsizlik sektorunda, həm də iqtsadi sektorunda, dini sahədə Azərbaycan türkləri kifayət qədər güclü mövqeyə sahibdirlər. Bu da bizim aktuallaşmağa meylli potensialımızdır və çox güclü potensialdır. Üstəlik, qlobal və regional vəziyyəti də nəzərə alsaq, İrana yönəlik olan qüvvələri və onların Azərbaycana dəstək verməyə hazır olduğunu, Azərbaycan-İran münasibətlərinin gərginləşdiyi bir vaxtda əllərini ovuşdurduqlarını da İran unutmamalıdır”.