“Xocalı Gəlin”-HEKAYƏbackend

Hər tərəf al-qırmızı qara bürünmüşdü.

-“Al-qırmızı qarmı olur?”,-Olur.Bu günə kimi biz görməsək də,onlar gördülər.Bu qar ruzi,bərəkət rəmzi deyildi,bu qar düşmənlə bərabər zavallı insanlara qənim kəsilən, düşmən gülləsindən daha itici,iliklərə qədər işləyən şaxtası ilə o gecə dünyadan bixəbər sakinlərə bədbəxtlik gətirən,rənginin antonimi olan “qara” ləkəylə insanların ürəyində əbədi,silinməz izburaxan qar idi.Soyuq fevral gecəsi,25-dən-26-na keçən gecə…Onlar soyuğa baxmadan qaçırlar.Hara qaçdıqlarını bilmirlər,amma kimdən qaçdıqlarını və hardan qaçdıqlarını bilirlər.Öz isti ev-eşiklərindən,ocaqlarından,yurdlarından qaçırlar.Qaçmaqla canlarını qurtarmaq istəyirlər,amma həm də ürəklərini ocaqlarında qoyub qaçırlar.Lakin qaça bilməyənlər və qaçarkən düşmən gülləsinə tuş gələnlər də var…Körpəli qadınlar,qocalar,hamilə qadınlar,uşaqlar-ümumiyyətlə tale o gecə Xocalı sakinləri ilə amansız oyun oynayırdı.

-“Aç gözlərini qızım,aç.Axı sən anasan,körpəni qoyub gedə bilməzsən,axı o çox balacadı,axı onun sənə çox ehtiyacı var,axı “cənnət qoxulum” deyərək əzizlədiyin balanın cənnətisən,sən yaşamalısan,aç gözlərini mənim nur üzlü qızım,mənim ilkim,mənim günəşim”.Bu düz 16 yaşında Göyçaydan Xocalının Kosalar kəndinə gəlin gəlmiş və 34 illik Xocalı həyatının enişli-yoxuşlu günlərini yaşamış 50 yaşlı Münəvvər ananın öz balasına səslənişi idi.O, gəlin gəldiyi bu 34 illik həyatında heç vaxt Xocalıda yaşadığı üçün peşman olmamışdı,hətta artıq doğulduğu Göyçaya gedəndə belə orada 2 gündən artıq qala bilmirdi.Xocalıya o qədər bağlanmışdı ki,sanki elə burdaca doğulub-böyümüşdü.Dəfələrlə həyat yoldaşı Cəfər kişiyə Bakıdan yaxşı iş təklifləri gəlməsinə baxmayaraq o,Xocalıdan başqa heç yerdə yaşaya bilməyəciyini yoldaşına bidirmişdi. Onun Xocalıya bu qədər bağlı olması Cəfər kişini də sevindirirdi,çünki Cəfər kişi də Xocalını öz balası kimi sevirdi və ona elə gəlirdi ki,Xocalının havası,suyu,torpağı hətta orada bitən bitkilər,ağaclar belə fərqlidir.Münəvvər ana iki balasına da Xocalını sevdirmişdi.Hətta bir dəfə oğlu Nemət öz tay-tuşları ilə oynayarkən uşaqlardan biri ilə əlbəyaxa olmuşdu.Evə gələrkən anası üst-başının qan içində olduğunu görüb nə baş verdiyini soruşanda Nemət -“Qasım dedi ki, -“Kaş mən Xocalıda doğulmazdım”,-Mən də onu vurdum”,- cavabını vermişdi.Münəvvər ana isə cavabında -“Südüm sənə halal olsun!”,- deyərək qururlanmışdı.

Ancaq indi onun ilk göz nuru,Xədicəsi al-qan içərisindəydi və o,ilk dəfə idi ki,Xocalıda yaşadığı üçün peşman olmuşdu.Ürəyində -“Ah Xocalı, kaş mənə yaşatdığın bu  34 illik gözəl anların üstündən bir anda xətt çəkməzdin,kaş məni ölənə qədər bala dərdiylə yaşamağa məhkum etməzdin”,-deyirdi.Ananın ürəyi nə qədər param-parça olsa da,yenə də təmkinlə qızını çağırırdı.Sanki Xədicəni şirin yuxudan oyatmağa cəhd edirdi,sanki gözləyirdi ki,Xədicə indicə gözlərini açacaq və -“Ana 5 dəqiqə də yatım, duracam”,- deyəcəkdi.Ancaq yox, bu dəfə elə deyildi,bu dəfə Xədicə fani dünyaya gözlərini əbədi bağlamışdı.Bəli,o, qucağında körpəsi ilə qaçarkən namərd erməni gülləsinə tuş gəlmişdi.Qucağında 3 aylıq Tuncay ac olduğu üçün durmadan ağlayırdı,ona görə də Xədicə bir qırağa çəkilib 5 dəqiqəlik körpəsinə süd vermək istəyirdi, yoxsa uşağın ağlamaqdan ürəyi partlayacaqdı.Hə,analar belə olur,hətta arxasıyca düşmənin gəldiyini və hər an ölümlə rastlaşacağını bildiyi halda belə yenə də öz körpəsini düşünür.Bir ağacın dibində oturub,süd vermək istədiyi zaman qansız düşmənin gülləsinə tuş gəldi.Son dəfə balasını yedirtmək belə Xədicəyə qismət olmamışdı.O,vurulandan sonra Tuncay anasının sinəsindən axan al-qanı süd bilib,əmməyə başlamışdı.Və sizi inandırıram ki,bu dünyanın rastlaşa biləcəyi ən ağır mənzərələrdən biri idi.

Münəvvər ana bu mənzərəni gördüyü zaman isə yerindəcə donub,qaldı.Nə edəcəyini,nə deyəcəyini bilmirdi və sanki həyat onun üçün o anda dayanmışdı. Sanki al-qan içərisində yatan Xədicə yox Münəvvər özü idi.Onsuzda Münəvvər artıq özünü “nəfəs alan ölü” hesab edirdi. Övlad dağı dəyən ana üçün artıq yaşamağın da mənası var ki?!. Ölən ölərək canını qurtarır,vay qalanın halına…Bu vəziyyəti görən Kosalar sakinləri də bir an ayaq saxlayıb,Münəvvərə dəstək olmağa çalışırdılar,sanki artıq onlar da bu mənzərəni gördükdən sonra ölümdən qorxmurdular.Çünki bu mənzərə ölümün ən qorxunc mənzərəsi idi.Qadınlardan biri tez Tuncayı qucağına götürdü,digərləri isə Münəvvəri sakitləşdirməyə və oradan uzaqlaşdırmağa çalışırdılar.Ancaq sanki havalanan Münəvvər sakitcə qızını səsləyirdi və ətrafındakılara -“məndən əl çəkin,görmürsüz qızımı oyadıram?”,- deyirdi. Qadınlar isə Münəvvərə -“qızın artıq cənnətdədir,sən ayağa qalx,onun balası Tuncay üçün qalx.Artıq onun balası da sənə əmanətdir,yoxsa istəyirsən nəvəni də öldürsünlər?”,- deyərək təsəlli verməyə çalışırdılar.Onlar qaçmalıydılar,artıq Xədicənin cansız bədənin yanında xeyli vaxt keçirmişdilər.Sümükləri donduran buz kimi şaxta və düşmənin hər an onlara yetişə biləcəyi qorxusu onlara qaçmaqdan başqa çıxış yolu qoymurdu.

Nəhayət qadınlar birtəhər Münəvvəri oradan uzaqlaşdıra bildilər,ancaq apardıqları Münəvvərin quruca bədəni idi,ruhu balasının yanında qalmışdı.Əslində Münəvvər heç bir zaman ölümdən qorxmurdu,əksinə ölümü sevirdi və düşünürdü ki, bir şey ki,səni fani dünyadan aparıb,əbədi,sonsuz dünyaya qovuşduracaq axı ondan niyə qorxasan ki?O,ancaq Tuncayı düşünərək qaçırdı,balasının balasını,axı o, hələ körpə idi,onun gözəl gələcəyi ola bilərdi.Ah bu müharibələr,ananı- baladan,bacını-qardaşdan,sevənləri bir-birindən ayrı salan müharibələr…Kaş ki,bu müharibələr heç vaxt olmazdı.Axı dünya bütün insanların yaşaya biləcəyi qədər böyük idi.Bəs onda niyə torpaq üstündə insanlar bir-birini qanına qəltan etməli idi?Bu heç ədalətli deyildi.Oğlu Nemətlə,kürəkəni Elçin də düşmənlə vuruşmaq üçün,canlarından çox sevdikləri Xocalını qorumaq üçün mübarizə aparanların sırasına qoşulmuşdular.

Cəfər kişi 3 il bundan qabaq xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.Münəvvər artıq həyatın enişli-yoxuşlu yollarında tək addımlamalı idi.Ancaq o,özünü tək hesab eləmirdi.Artıq 2 gül balası böyümüşdü.Nemət 18 yaşına çatmışdı.Bakıda həm universitet oxuyur,həm də işləyirdi.Qazandığı pulla həm öz ehtiyacını ödəyir,həm də ailəsinə pul göndərirdi.Ancaq onun göndərdiyi pulları Münəvvər uşaqlarının xeyir işləri üçün yığırdı.Bundan əlavə Xədicə Xocalıda orta məktəbdə tarix müəllimi işləyirdi.Ümumiyyətlə Münəvvər özü vaxtında ali təhsil ala bilmədiyi üçün söz vermişdi ki,uşaqlarını hansı şəraitdə olur-olsun oxudacaq.Övladlarının dərsi ilə özü məşğul olurdu və onlarda ali təhsilə yüksək maraq oyatmışdı.Buna görə də Xədicə məktəbi bitirən kimi 550 balla Bakı Dövlət Universitetinin tarix müəllimliyinə, Nemət isə 500 balla Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitinin mühəndislik fakültəsinə daxil olmuşdular.Xədicə universiteti bitirən kimi Xocalıya dönərək orada müəllim işləməyə başladı.Xocalını çox sevən Xədicə məhz Xocalı uşaqları üçün öz müəllim ömrünü şam kimi əritmək istəyirdi. İşlədiyi müddətdə də Elçin adlı riyaziyyat müəllimi ilə tanış olmuş və bir-birlərini sevmişdilər.Bir müddətdən sonra Elçin öz elçilərini Münəvvərin qapısına göndərdi və Münəvvərin gözəl-göyçək Xədicəsi ilə ailə qurdu.

Münəvvər özü də təsərrüfatla məşğul idi.Tərəvəzlər əkib-becərir,həm də mal-qara saxlayıb,süt,qatığından satırdı və beləcə öz ehtiyacını ödəyirdi.Qızı ailə qurandan sonra özünü tənha hiss eləməyə başladı.Hərçənd Xədicə anasından cəmi 2 küçə uzağa köçmüşdü.Darıxanda gedib-gəlirdi, ancaq yenə də yanında olmağın yerin vermirdi.Əsas da gecələr o,öz tənhalığı ilə baş-başa qalırdı. Hər gün Nemətlə danışırdı və səbirsizliklə gözləyirdi ki,Nemət universiteti qurtarıb onun yanına dönsün,oğlunu evləndirsin,nəvələriylə başını qatsın.Ancaq həm də oğlunun burada bir iş tapa bilməyəcəyindən qorxurdu.Birdən Nemət şəhərdə qalıb işləmək istədi bəs onda necə olacaqdı?Onu məcbur gətirə bilməzdi, Nemət öz gələcəyini özü istədiyi kimi qura bilərdi,onun buna haqqı var idi.

Ancaq Münəvvər də tək-tənha ömrünü başa vurmaq istəmirdi,o,həmişə tənhalıqdan qorxurdu.Hər zaman böyük ailəyə sahib olmağı arzulamışdı,düşünürdü ki, övladları həmişə yanında olan,evindən nəvə,nəticə səsi gələn insanlar çox xoşbəxt insanlardı.Ancaq düşündüyü kimi olmadı,Nemət də bacısı Xədicə kimi Xocalıya sədaqətini göstərdi, universiteti bitirib,Kosalara geri döndü.Münəvvər bu halı görəndə bir daha balaları ilə qurur duydu.Nemət bir müddət anasına təssərrüfat işlərində yardım etdikdən sonra rayonda ixtisası üzrə iş tapıb işləməyə başladı.Münəvvər hər zaman, hər halı üçün Allahına şükür edirdi.Hər şey onun istədiyi kimi olmuşdu,bircə qalmışdı oğul nəvəsini görmək.Bir müddət sonra Nemət ürəyində saxladığı gizli sevgisi barəsində anası ilə danışmağı qərara aldı.Həmin günü Münəvvərin sevinci yerə-göyə sığmırdı.Elə istədiyi də bu deyildimi?Eşidər-eşitməz qızın kimlərdən olduğunu soruşdu.Nemət isə qızın Xocalının Ağbulaq kəndindən Rüstəm kişinin qızı olduğunu dedi.Münəvvər buna çox sevindi,Zərifənin adını çox eşitmişdi.O, gözəl,həyalı-abırlı bir qız idi.Elçiləri də çox idi,demək o da Neməti sevirmiş ki,hər dəfə elçilərə “yox” deyib,yola salırdı.

Münəvvər neçə müddət idi ki,Nemətə-“Evlən,toyunu,nəvələrimi görüm,ölüb edərəm arzum ürəyimdə qalar”,- deyirdi.Nemət də hər dəfə cavabında -“Ay ana Allah eləməsin,ölsün səni istəməyənlər,sənin hələ nə yaşın var,cavan gəlinsən MaşAllah,vaxtı gələndə hamısını görəcəksən”,- deyib zarafatlaşırdı.Münəvvər həmin günü eşitdiyi şad xəbərin şərəfinə,qoxusu az qala bütün Kosalara yayılan bir aş dəmlədi,Xədicəgili də çağırıb süfrə açdı.“Xeyir işi uzatmazlar” deyib,tez bir zamanda Rüstəm kişinin evinə elçi getdi,Zərifənin “Şirin çayı”-nı içdilər. Bir həftə sonra isə gənclərə möhtəşəm nişan keçirildi. Münəvvər hər zaman Allaha yalvarırdı ki, bu gözəl günləri ona çox görməsin. Sanki hiss etmişdi ki,gözəl günləri tez bir zamanda yerini qara günlərlə əvəzləyəcək.Axı gözəl günlər həmişə tez bitir.1992-ci il…Münəvvərin ömrü boyu lənətlədiyi bu qara il gözəl günləri də özü ilə apardı,Nemətinin toyunu,oğul nəvəsini görmək belə ona qismət olmadı.Bu hadisədən illər keçdi.Münəvvər bir neçə Xocalı ailəsi ilə birlikdə Bakıda məskunlaşa bilmişdi.Nemətlə,Elçin də Xocalı uğrunda şəhid olmuşdular.Bu xəbər onsuz da Xədicədən sonra gözləri çuxura düşmüş Münəvvəri daha da sarsıtdı.Ancaq o, şəhid anası olduğu üçün də qurur hissi keçirirdi.Münəvvər dözümlü qadın idi,məhz buna görə də o, sınmadı və həmişə öz-özünə -“Xocalı, gör səni necə sevirdimsə,iki balamı da sənin uğrunda qurban verdim”,- deyirdi.

Tuncay Münəvvərin həyata tutunması üçün tək səbəb idi.Tuncay olmasaydı yəqin ki,Münəvvərin çoxdan ürəy partlamışdı.Münəvvər hər dəfə Tuncayla bərabər “Xocalı Soyqırım”-ının şərəfinə ucaldılan “Ana harayı” heykəlini ziyarət edir və bu heykəlin yaranma səbəbini,soyqırımın kimlər tərəfindən törədildiyi barədə Tuncaya məlumatlar verirdi.O,bu heykəldə sanki öz Xədicəsini görürdü,heykəllə sanki balasıymış kimi uzun-uzadı danışırdı.Tuncay da artıq bu heykəli öz anası hesab edirdi və darıxan kimi -“Gedək anamın yanına”,-deyib,nənəsi ilə ziyarətə gəlirdilər.Aradan illər keçdi.Münəvvər Tuncayı min bir əzabla böyüdüb,evləndirdi.Tuncay 25 yaşına çatanda Münəvvər vəfat etdi.Münəvvər sakitcə uzandığı yerdə dünyasını dəyişmişdi və dodaqlarında kiçik təbəssüm sezilirdi.Bu yəqin ki,balalarına qovuşmanın sevincindən yaranan təbəssüm idi və onun son sözü də məhz “Xocalım” olmuşdu.İndi isə Tuncayın evində 2 şirin bala böyüyürdü…Xədicə və Nemət.Kim bilir ki,bəlkə yeni-yeni Münəvvərlər,Elçinlər və Cəfərlər də doğulacaqdı!

Aytən Yaşar